"Azərbaycanda iki idarəçilik sistemi mövcuddur: qohum əqrəba və şəxsi münasibətlər" - Xalq artisti
Azərbaycanda rüşvət və korrupsiyaya qurşanan məmurlara qarşı mübarizə hüquqi müstəvidə davam edir.
6 icra başçısının həbsi, digər yüksək rütbəli məmurların azadlıqdan məhrum edilməsi bunun dönməz xarakter alacağını göstərir.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ölkədə kadr siyasətinin düzgün qurulmadığını qeyd edib:
“Bizdə bir məsəl var, “aftafa və su məsəli”. Şair deyir ki, “Gədəni gətirib eləsən sultan, yenə də gədalığın bildirəcəkdir”. Kadr məsələsi dünyanın bir nömrəli problemidir. Xalqa xidmət edən, vətənpərvər kadr tapmaq çox çətindir. Əlimizdə qalan kadrları da çıxarıb atdıq. Kimin əlinə girəvə düşdü, baldız, bacanaq, qohum xətti ilə vəzifəyə gəldi. Vəzifəyə gələnlər də ordan, burdan, dəlmə-deşikdən qohumları tapıb çıxardılar və onlara vəzifə verdilər. Bu xalqa qarşı böyük bir cinayətdir”.
Kinorejissor ölüm hökmünün bərpa olunmasını tələb edib:
“Vəzifə sahibləri görməmiş kimi gəlib xalqı çapıb, talamağa başladılar. Başlarına yığdıqları qohumlar da bir boşqab yal xətrinə nə deyilsə, onu etdilər. Bu gün Azərbaycanda iki idarəçilik sistemi mövcuddur: qohum əqrəba və şəxsi münasibətlər. Vəzifəyə gələnlər də illərlə getmək bilmirlər, bir adamı vəzifədə neçə il saxlayarlar? Həbs olunan rüşvətxorları kim bu qədər qaldırıb? Onların əlaltıları nə oldu? Bu işlər kompleks şəkildə aparılmalıdır, hamısı həbs olunmalıdırlar. Onlar hamısı eyni qazandan yallanıblar. Mən həmişə demişəm ki, güllələnmə bərpa olunmalıdır. Xalqa, onun malına xəyanət edənlər birbaşa güllələnməlidirlər”.
Əsmətxanım
Bu xəbər üçün şərh yazın