Azərbaycanda ilin sonuna bahalaşma: “35-40 faiz olacaq” - NƏ ETMƏLİ?

Azərbaycanda ilin sonuna bahalaşma: “35-40 faiz olacaq” - NƏ ETMƏLİ? 

Cari ilin yanvar-iyul ayları üzrə inflyasiya göstəriciləri açıqlanıb.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyul aylarına nisbətən 113 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7 %, qeyri-ərzaq məhsulları üzrə 107 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 110,1 % təşkil edib. Məlumata görə, təkcə iyulda ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,5 %, ötən ilin iyul ayına nisbətən 113,7 % olub.

Bəs ilin sonuna qədər inflyasiya artacaqmı? Bahalaşma hansı səviyyədə ola bilər? İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, bahalaşmanı yaradan səbəblər getdikcə bir qədər də “tündləşir”:

“Ona görə də hesab edirəm ki, ilin sonuna qədər bahalaşma davam edəcək. İlin sonuna qədər ərzaq inflyasiyası 35-40 faizə qədər qalxa bilər. Digər tərəfdən, illik inflyasiyanı 13 faiz deyirlər, amma bəlkə də 15 faizdir. Çünki Azərbaycanda inflyasiyaya münasibət aydındır. Hökumət istəyir ki, hər zaman aşağı göstəricilər elan edilsin. Dövlət Statistika Komitəsi də hər zaman iqtisadi deyil, siyasi rəqəmlər səsləndirir. Yəqin ki, indi 15 faiz var, ilin sonuna qədər də 20-25 faizə qalxacaq”.

Ekspert xatırladıb ki, dünyada bahalaşma var: 

“Həm də ölkə daxilində ərzaq qıtlığı, eyni zamanda, yerli istehsalın aşağı olması bizə əsas verir ki, qarşıdakı aylarda inflyasiyanın davam edəcəyini və qiymətlərin artacağını gözləyək”. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məumatına görə ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 %, ötən ilin iyul ayına nisbətən 120,3 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin, azalma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi