Azərbaycanda karantin rejimi uzadılır? - AÇIQLAMA

Azərbaycanda karantin rejimi uzadılır? - AÇIQLAMA 

Dünyada və Azərbaycanda koronavirus pandemiyası ilə bağlı elan edilmiş karantin qaydaları yumşaldılsa da, yoluxma da dayanmır.

Hazırda dünyada koronavirusa yoluxmanın ən çox qeydə alındığı 10 ölkə içərisində Azərbaycanla sərhəd qonşusu olan üç dövlət var. Onlar Rusiya, Türkiyə və İrandır.

 

Türkiyədə yoluxmalar artdığı üçün Ramazan bayramında hərəkət məhdudiyyətləri tətbiq edilməsi planlaşdırılır.

 

Azərbaycanda isə karantin qaydaları yumşaldılıb və Bakı, Gəncə, Sumqayıt, Abşeron və Lənkərandan başqa digər bölgələrə insanların gediş-gəlişi sərbəstdir. Ramazan bayramı günlərində xeyli insan rayonlarda doğmalarını ziyarət etmək istəyir. Maraqlıdır, bugünlərdə Bakıdan rayonlara gediş-gəlişə icazə verilə bilərmi?

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mediaya verdiyi açıqlamasında bu barədə hələlik heç bir qərar olmadığını, yaxın günlərdə buna aydınlıq gətirilə biləcəyini deyib.

 

Daha əvvəl isə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində qarşıdan gələn Ramazan bayramı günlərində karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı danışmışdı. O bildirib ki, bu barədə konkret olaraq bayram öncəsi məlumat veriləcək: “Türkiyənin bu barədə təcrübəsi var. Onlara şənbə və bazar günlərində bəzi məhdudiyyətlər qoyulur. Çünki insanlar kütləvi olaraq toplaşırlar, piknik edirlər. İnsanların belə kütləvi şəkildə toplaşması da yoluxmaların sayını artırır. Buna görə də azalma məqsədilə bəzi məhdudiyyətlər gətirilir. Bu bizim də gündəmimizdədir. Çox güman ki, bayram öncəsi bu məsələlərə aydınlıq gətiriləcəkdir”.

 

Nəzərə çatdıraq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib ki,  Ramazan bayramı günlərində 81 vilayətdə küçəyə çıxma qadağası tətbiq ediləcək.

 

Prezident canlı yayımlanan “Millətə müraciət” çıxışı ilə koronavirus üçün yeni tənzimləmə təqvimini açıqlayıb:

 

“Pandemiya təhlükəsinin qlobal səviyyədə aradan qaldırılması bütün dünyada problemin həlli ilə mümkündür. Türkiyə olaraq sərhədlərimizi başqa ölkələrə tamamilə bağlayıb, gündəlik həyatı tamam dayandırıb illərlə gözləyə bilmərik. Maskadan istifadəni vərdiş halına gətirəcəyik. Küçədə, iş yerlərində, ictimai həyatın hər sahəsində digər insanlarla aramızda 1.5-2 metrlik sosial məsafəni saxlamağa fikir verəcəyik. Maska, məsafə və təmizlik üçlüyü artıq həyatımızın ayrılmaz hissəsinə çevriləcək”.

 

“Yeni Müsavat”a danışan professor Adil Qeybulla Azərbaycandakı hazırkı durumu aşağıdakı kimi dəyərləndirib: “Azərbaycanda karantin qaydalarını yumşaltmaq əslində zərurət idi. Yenidən qaydaları sərtləşdirmək isə insanlar üçün çox çətin olar. Onsuz da insanlar bir ay müddətində tətbiq edilən karantin qaydalarına lazımınca əməl etmədilər. SMS icazəsinin qüvvədə olduğu vaxtı camaat bir-birinə qonaq gedir, həyətlərdə samovar qalayıb domino oynayır, sıx təmas saxlayırdılar. Baxırdın ki, hər kəs liftdən istifadə edir. Bütün bunlar isə xeyli yoluxmaya səbəb oldu. Bu gün açıqlanan rəqəmlər də əslində həmin zamanlarda yoluxanların sayıdır. Karantin rejimi yumşaldılandan sonra da insanlar situasiyanı iqnor etdilər. Heç kim sosial məsafə saxlamır. Bu isə daha çox yoluxmaya səbəb ola bilər. İndiki halda karantin yumşaldılsa da, qaydalara əməl etmək lazımdır. İnsanları uzun müddət bir yerdə saxlamaq isə doğru deyil. Əslində bütün dünya bu qaydalara əməl etməlidir. Tənəffüs qaydası ilə keçən xəstəlikdir və yoluxmayan şəxslər hər zaman yoluxma təhlükəsi ilə üzbəüzdür. Bu baxımdan da kollektiv immunitetin yaranması istiqamətində və müəyyən zaman qazanmaq üçün karantin davranışlarına riayət etmək lazımdır. Karantin qaydaları ayrıdır, davranışları isə başqa. Davranış dedikdə biz maska taxmaq, sosial məsafə gözləməyi nəzərdə tuturuq. Eyni zamanda əllər də sabunla yuyulmalı, dezinfeksiya edilməlidir”.

 

Adil Qeybulla bildirib ki, insanlar qaydalara əməl etməzsə, gündəlik yoluxma sayı 500-600 nəfəri keçə bilər: “Doğrudur, biz deyirdik ki, mayın sonuna qədər Azərbaycanda yoluxma başa çatacaq. Çünki ötən ay tendensiya buna doğru gedirdi. Ancaq bir müddətdən sonra sərt karantin tədbirləri fonunda SMS icazələri ortaya çıxdı. Bununla da insanlar başladılar qaydaları pozmağa. İndi də əksəriyyət çölə maskasız çıxır, sosial məsafə də saxlamır. SMS icazələri dövründə də eyni davranış olub. Bütün bunlarla biz infeksiyanı lokallaşdıra bilmərik. Çinin Uhan şəhərində gördük ki, qısa müddət ərzində infeksiya lokallaşdırıldı. Bu virus bütün Çin boyu yayılsaydı nə baş verərdi? Mən də nəzərdə tuturdum ki, Bakı və Abşeron yarımadasındakı sərt tədbirlər və yoluxmanın enən xəttə keçməsi fonunda may ayında virusa yoluxma olmayacaqdı. Ancaq insanlar buna riayət etmədilər, vətəndaş məsuliyyətsizliyi göstərdilər. İndi də ikinci dalğa yaşanır. Əgər insanlar bu cür davranış sərgiləsələr, gündəlik 500-600 xəstə ilə üz-üzə qala bilərik. Bu, böyük itkilər deməkdir. Faktiki olaraq belə olarsa, regionlara da infeksiya yayılacaq. Təbii ki, qeyd etdiyimiz vəziyyət acınacaqlı duruma gətirə bilər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi