Azərbaycanda professor vəfat etdi

Azərbaycanda professor vəfat etdi 

Dilçi-alim, ingilis dilinin fonetikası fənninin tədrisi sahəsində tanınmış pedaqoq, professor Minirə Gülməmməd qızı Qarayeva 2022-ci il yanvarın 23-də ürək çatışmazlığından dünyasını dəyişib.

Məlumatı Faktinfo.az saytına mərhumənin oğlu, Bütöv Azərbaycan Ocaqları (BAO) Mətbuat Xidmətinin rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslı verib.

Qeyd edək ki,M. Qarayeva 1937-ci ildə Qəbələ rayonunda ziyalı ailəsində anadan olub.

1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri o zamankı Ali Təhsil naziri M.Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür.

Minirə Qarayeva 1994-cü ilə qədər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləyib.

Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunub. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir. Ayrı-ayrı ölkələrdə bir çox elmi dərnəklərin, eləcə də ECA-nın (Avropa Topluluğu Assosiasiyası) üzvüdür.

Bu cəmiyyətlərin dəvəti ilə Kiprdə (Qazimağusa, Lefkoşa), Yunanıstanda (Selanik), Almaniyada (Münhen), Türkiyədə (Ankara, İstanbul, Ərzurum, Kayseri, İsparta, Sivas və s.) konfranslarda, assembleya və konqreslərdə məruzə etmişdir.

İngilis dilinin fonetikasına həsr olunmuş kitabların, əlliyə yaxın məqalənin müəllifidir. Hələ tələbə ikən ali təhsil nazirinin imzası ilə "Fəxri fərman"a, müəllim işlədiyi dövrdə isə səmərəli əməyinə qiymət verilərək bir medal, fəxri fərmanlarla təltif olunmuşdur.

1994-cü ildə Türkiyənin Sivas şəhərindəki Cumhuriyyət Universitetində dərs deməyə dəvət olunmuş və Ali Təhsil Nazirliyinin icazəsi ilə işə başlamışdr. Eyni universitetdə on il professor, bölüm başqanı olaraq işləmiş və bu müddətdə də bir çox fəxri adlarla təltif olunmuşdur.

Minirə Qarayeva İngiltərənin Kəmbric Universiteti tərəfindən "20-ci əsrin qabaqcıl elm adamları" arasında "Müvəffəqiyyət şərəf Diplomu"na layiq görülmüşdür. Eyni zamanda o, "Dünya Bioqrafik Mərkəzi" tərəfindən "Milleniumun Beynəlxalq Qadını Naminatoru" və "2003-cü ilin ən yaxşı beynəlxalq qadın pedaqoqu" fəxri adlarına layiq görülmüşdür.

Professor Minirə Qarayeva 2013-cü ildə Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidenti də seçilmişdir.

ALLAH RƏHMƏT ELƏSİN !

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi