Azərbaycanda şagird müəllimini öldürdü
İyunun 22-də saat 19 radələrində Bərdə rayonu ərazisində yerləşən bərbərxanalardan birində 1997-ci il təvəllüdlü Ceyhun Məmmədovun bıçaqlanması və “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya çatdırılmasına baxmayaraq ölməsi barədə məlumat daxil olub.
Bərdə rayon Prokurorluğundan Anews.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla cinayətin 2004-cü il təvəllüdlü Raul Namazov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, rayonun Alaçadırlı kənd sakini 1997-ci il təvəllüdlü Məmmədov Ceyhun Hüsü oğlu rayonun Həzi Aslanov küçəsində yerləşən bərbərxanada öz şagirdi Namazov Raul Vüqar oğlu tərəfindən qayçı ilə bədənin qarın boşluğundan ağır xəsarət almışdı. Kəskin qanaxması olduğundan o, dərhal əməliyyata götürülüb. Lakin o, tibbi müdaxilələrə baxmayaraq vəfat edib.
Bu xəbər üçün şərh yazın