Azərbaycanda yaşam məntiqi: pulun varsa, kef elə, yoxdursa...

Azərbaycanda yaşam məntiqi: pulun varsa, kef elə, yoxdursa... 

Hər il yay mövsümündə turizm sektorunda canlanma yaşanır.

 Yerli turizm mərkəzlərində qiymətlər olduqca baha, xaricə çıxış imkanları isə faktiki olaraq məhduddur. Quru sərhədlərinin bağlı, aviabiletlərin isə qiymətlərinin fantastik olması əhalini çıxılmaz duruma salır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyun ayının 1-dən etibarən quru sərhədlərin açılması ilə bağlı qərar verəcəyi gözlənilsə də, bu hal baş vermədi. Koronavirus pandemiyası faktiki olaraq bitsə də, Azərbaycan hökuməti hansısa səbəblərdən quru sərhədlərimizi bağlı saxlamaqda maraqlı görünür.

Dəniz sahillərinin əksəriyyətinin hasarlanması, ictimai çimərliklərin pullu olması, regionlarda fəaliyyət göstərən turizm obyektlərində qiymətlərin qonşu dövlətlərlə müqayisədə dəfələrlə baha olması, eləcə də həmkarlar təşkilatlarının “putyovkaları” hərraca çıxarması əhalinin bu yayı da aktiv istirahət etmədən başa vurmasına səbəb olacaq.

Sovetlər dönəmində il ərzində çalışan əhali dövlət hesabına Xəzər başda olmaqla, Qara dənizə, Baltik sahillərinə, yaxud da Ukrayna və Qafqazın kurortlarına üz tuturdu. Beynəlxalq protokollara görə, yay fəslində dincəlmək, mühitdən bir müddətə də olsa kənarlaşmaq işgüzar mühitə müsbət təsir edir və əmək məhsudlarlığını artırır. Məhz bu səbəbdən də bütün dünya xüsusən yay fəslində əhalinin dincəlməsinə xüsusi diqqət ayırır.

Azərbaycanda isə Həmkarlar İttifaqları Konfederasiyası adlı qurum heç bir fəaliyyət göstərmir. İddialara görə, ölkəmizin ən çox korrupsiyaya bulaşmış qurumlarından olan Konfedrasiya “putyovka” satmaqla məşğuldur. Belə olan halda, ölkəmizdə sözügedən problem necə həllini tapmalıdır?

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Turizm Assosiasiyası (ATA) sədrinin müşaviri Müzəffər Ağakərimov AYNA.az-a açıqlamasında deyib ki, ölkə yeni yay turizm mövsümünə hazırdır: “Azərbaycanın regionları, xüsusilə şimal-qərb, şimal-şərq və cənub bölgələrində artıq böyük təcrübəyə malik olan, öz fəaliyyətlərini turistlərin qəbulu üçün açan hotellər, turistləri qəbul etmək üçün hazırdır. Son illər ölkəmizdə daxili turizm inkişaf edir. Son illərin statistik göstəricilərinə istinad edərək söyləyə bilərik ki, yerli turistlər artıq ölkə daxilində istirahət etməyə üstünlük verirlər. Nəinki yay fəslində, ilin müxtəlif dövrlərində, bayram günlərində Azərbaycandakı otellər dolu olur. Bu, bir daha onu göstərir ki, yerli turizm inkişaf edir və bu, çox yaxşı göstəricidir”.

“Xarici turistlərin sayında isə müəyyən azalma meylləri müşahidə olunur. Bunun da öz növbəsində obyektiv və subyektiv səbəbləri var. Quru sərhədlərinin bağlı olması əcnəbi turistlərin ölkəmizə axınının qarşısını alır. Çünki təyyarə qiymətləri bahadır və bu da öz növbəsində xarici turistlərin sayına təsir göstərir”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, ölkəmizdə turizmin inkişafına dövlət dəstəyi mövcuddur: “Bu sahədə ixtisaslaşmış kadrları yetişdirmək üçün ali məktəblər fəaliyyət göstərir. Azərbaycanda Turizm və Menecment Universiteti, Bakı Dövlət Unuversiteti, Qərb Universiteti, Xəzər Universiteti, eləcə də peşə məktəbləri və kolleclərdə kadrlar hazırlanır. Bu sahə inkişaf etdikcə ölkədə yeni kadrlara ehtiyac duyulur”.

“Azərbyacanda bu sahədə fəaliyyət göstərən şəxslərin bir çoxu xarici ölkədə, xüsusilə Türkiyədə təcrübə keçiblər. Təkcə Bakı deyil, regionlarda da kadrların hazırlanması istiqamətində işlər görülür. Bütün bunlar Azərbaycanda turizmin gələcəyindən xəbər verir”, - deyə Ağakərimov vurğulayıb.

“Ege Travel” şirkətinin direktoru, turizm eksperti Mikayıl Mirzəzadə isə fərqli düşünür. DİA.AZ-ın məlumatına görə, o, AYNA-ya açıqlamasında söyləyib ki, Azərbaycanda turistlərin hüquqları addımbaşı pozulur: “Yerli turistlər daxili turizm obyeklərində dincələ bilmirlər. Çünki qiymətlər fantastikdir. Təsəvvür edin ki, Qəbələdə istirahət etmək daha bahadır, nəinki Antalyada. Belə olduğu təqdirdə, yerli turist niyə Antalyanı seçməsin ki?! Antalyaya da gedə bilmir. Çünki quru sərhədləri bağlıdır və təyyarə biletləri “ceyran belindədir” - nə daxildə istirahət edə bilir, nə də xaricdə”.

“Həmkarlar İttifaqları Konfederasiyası nə işlə məşğuldur? Bilən yoxdur! Bircə bilənən odur ki, şıdırğı “putyovka alveri” gedir. Müvafiq qurumlar isə baş verənlərə etinasız yanaşır. Azərbaycan Dövlət Turizm Agentliyi fəaliyyət göstərir. Bu qurum nə iş görür, turizmin inkişafına hansı yeniliklər gətirib - bircə dəfə olsun bununla bağlı hesabat hazırlanmayıb”, - deyə müsahibimiz qeyd edib.

Mirzəzadə xüsusi diqqətə çatdırıb ki, bu gün bütün dünya turizmin inkişafına diqqət ayırır: “Xüsusən koronavirus pandemiyasından sonra bu sahəyə diqqət artıb. Daxili bazarın formalaşdırılması zərurəti meydana çıxıb. Bu istiqamətdə çoxlu layihələr işləyib hazırlayırlar. Müxtəlif güzəştlər həyata keçirirlər. Azərbaycanda isə bu barədə düşünən də yoxdur. Məntiq sadədir - çoxlu pulun varsa, dincəl, yoxdursa otur evində. Məhz elə buna görədir ki, əhali ya olan-qalan pulunu regionlardakı otellərə tökür, ya da yayın qızmar istisini də dörd divar arasında keçirir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər