AZI 10 MİN ÜZV! - Siyasi partiyanın dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir
Siyasi partiyanın dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir.
APA.az xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 min üzvü olmalıdır.
Siyasi partiyanın səlahiyyətli şəxsi bu Qanunda müəyyən edilmiş müddət bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.
Bu Qanuna uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu Qanunla müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur.
Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə iki dəfə (yanvar ayının 15-dək və iyul ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir.
Siyasi partiya dövlət qeydiyyatına alındığı tarixdən 3 gün müddətində bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
Siyasi partiyanın dövlət qeydiyyatı ilə bağlı (o cümlədən bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş halda) digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Bu xəbər üçün şərh yazın