“Azneft”də yeni təyinatlar olub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yeni təyinatlar olub.
“Azneft”dən verilən məlumata görə, Elmir Qaragözov Birliyin baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov isə baş mühəndisin hasilat üzrə müavini təyin ediliblər.
Bu münasibətlə “Azneft” İB-də təqdimat mərasimi keçirilib. Əvvəlcə, SOCAR-ın İnsan Resursları Departamentinin Personalın uçotu şöbəsinin rəisi Mahal Mehdiyev və “Azneft” İB-nin İnsan Resursları Departamanetinin rəisi Cavid Umbayev yeni təyinatlarla bağlı müvafiq əmrləri diqqətə çatdırıblar, onların iş fəaliyyəti barədə məlumat veriblər.
Yeni vəzifələrə təyin olunan şəxsləri təbrik edən “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ümidvar olduğunu bildirib ki, gənc və perspektivli kadrlar bundan sonrakı vəzifələrində də Birliyin uğurlu fəaliyyətinə öz layiqli töhfələrini verəcəklər.
SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov şirkətin struktur bölmələri arasında “Azneft” İB-nin əhəmiyyətini xüsusi olaraq vurğulayıb, gənc kadrların yeni vəzifələrə təyinatını müsbət qiymətləndirib.
Sonda Elmir Qaragözov və Balaəli Cəfərov çıxış edərək onlara göstərilən yüksək etimada görə SOCAR və “Azneft” İB-nin rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın