Bakı Apellyasiya Məhkəməsi təkzib yaydı
"Son zamanlar hakimlərimiz haqqında bəzi xəbər saytlarında jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq, qeyri-dəqiq və məlumat mənbəyi şübhə doğuran yazıların getməsi məyusluq və təəssüf hissi doğurur".
Faktinfo.az xəbər verir ki,bu barədə Pravda.az-da dərc olunan yazıya görə Bakı Apellyasiya Məhkəməsinin yaydığı təkzib mətnində qeyd edilib.
Bildirilib ki, zəngin ənənələri olan Azərbaycan jurnalistikasının bəzi məsələlərə bu cür qeyri-peşəkar yanaşması ölkə başçısının məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirdiyi məqsədyönlü siyasətinin davamı olaraq məhkəmə-hüquq sisteminin beynəlxalq hüquq normalarına uyğun təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin daha da müstəqilləşməsi prosesinin aparılması, bu sahənin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının daha da təkmil formaya salınması, yenilənməsi, insanların məhkəmələrə müraciət etmə imkanlarının bir az da asanlaşdırılması sahəsində məhkəmə-hüquq sistemində həyata keçirilən yenilikləri kölgədə qoymaqla yanaşı, həm də ictimaiyyətdə məhkəmə hakimiyyətinə və hakimlərə qarşı neqativ fikirlərin və əsassız aqressiyanın formalaşmasına səbəb olur: "Bu qəbildən olan yazılardan biri də 21 dekabr 2022-ci il tarixdə saytlardan birində paylaşılan, hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan Əzizov Rafiq Tofiq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.2 və 313-cü maddələr ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.07.2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Əzizov Rafiq Tofiq oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti barədə cinayət işi barədədir. Portal qeyd edilən cinayət işi üzrə təqsirləndirilən Rafiq Əzizovun barəsində olan hökmdən verilən apellyasiya protestinin təmin edilməməsi və yekun məhkəmə aktının qəbul edilməsinə dair həqiqəti əks etdirməyən və qeyri-dəqiq mənbəyə əsaslanan məlumat dərc etmişdir.
Bakı Apellyasiya Məhkəməsi həmin məlumatı təkzib edərək bildirir ki, sözügedən cinayət işi üzrə icraat nəinki tamamlanmış, hətta işin məhkəmə baxışı 10 yanvar 2023-cü il tarixinə təxirə salınmışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi media nümayəndələrinin faydalı əməkdaşı olaraq paylaşılan hər bir xəbərə daha peşəkar və həssas yanaşaraq həqiqiliyini, mənbəyini və əldə edilmə vasitəsini araşdırmadan qərəzli xəbər yayımlamaqdan çəkinməyi tələb və tövsiyə edir".
Bu xəbər üçün şərh yazın