BAKI APELLYASİYA MƏHKƏMƏSİNDƏ ƏDALƏT ZƏFƏR ÇALDI

BAKI APELLYASİYA MƏHKƏMƏSİNDƏ ƏDALƏT ZƏFƏR ÇALDI 

Məhkəmə «Cənnət Park» MTK-nın 7 ildir davam edən əsassız süründürməçiliyinə son qoyan qərar qəbul edib…

 «Biləcəritəmirquraşdrma» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi tərəfindən «Təzadlar»a daxil olan məktubu olduğu kimi təqdim edirik:

«Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova

Hörmətli Mübariz müəllim!

19 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə iddiaçı «Cənnət Park» MTK-nın «Biləcəritəmirquraşdrma» Qapalı Səhmdar Cəmiyyətinə qarşı apellyasiya şikayətinə baxılmışdır. Kollegiya iş materiallarını araşdıraraq Azərbaycan Konstitusiya Məhkəməsinin iki dəfə «Biləcəritəmirquraşdrma» QSC-nin mülkiyyət hüquqlarının tanınmasına dair qərarlarını, Azərbaycan Ali Məhkəməsinin Plenum Qərarını rəhbər tutaraq yekun qərar qəbul etmişdir. Qərara görə, iddiaçı «Cənnət Park» MTK-nın şikayəti rədd edilmiş, nəticədə «Biləcəritəmirquraşdrma» QSC-nin mülki hüquqları tam təmin edilmişdir. Beləliklə, «Cənnət Park» MTK-nın 7 ildir  Azərbaycanın məhkəmə instansiyalarında əsassız olaraq davam edən məhkəmə çəkişmələrinə Bakı Apellyasiya Məhkəməsində son verilmişdir.

«Biləcəritəmirquraşdırma» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi adından Bakı Apellyasiya Məhkəməsinin sədri olaraq Sizə və eləcə də ədalətli qərar qəbul edən məhkəmə kollegiyasının heyətinə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu ədalətli qərar bir daha «Cənnət Park» MTK-nın rəhbərliyinin 7 ildir əsassız olaraq məhkəmə mübahisələrinə yol açmış məhkəmə iddialarına nöqtə qoyacaq və bu məhkəmə prosesi Azərbaycanın məhkəmə sisteminə ictimai rəğbətin təntətənsi kimi yadda qalacaq.

Dərin hörmətlə:

«Biləcəritəmirquraşdrma» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi adından: sədr Nazim Tahirov».

Redaksiyadan: xatırladırıq ki, “Biləcəri Təmir Quraşdırma” QTSC ilə “Cənnət-Park” MTK adlı şirkət arasında artıq 7 ilə yaxın bir müddət ərzində məhkəmə mübahisələri davam edir.  «Cənnət-Park” MTK hüquqi əsası olmayan saxta sənədləri məhkəməyə təqdim etməklə, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin 2 milyonluq əmlakını ələ keçirməyə çalışır. Çünki MTK-nın rəhbərlərindən biri keçmiş nazirlərdən birinin qudasıdır, sənəd saxtalaşdıran notarius isə həmin sabiq nazirin kürəkənidir.

 Ən maraqlısı, təqdim olunan sənədlərin saxta olması təsdiq olunsa da, işə baxan məhkəmələr qanunsuz olaraq 2 milyonluq əmlakın “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınması barədə qərarlar qəbul ediblər. QSC-nin sədri Nazim Tahirov məhkəmə qərarlarını ona görə qanunsuz hesab edib ki, işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi özünün 30.06.2017-ci il tarixli qərarı ilə mübahisə predmeti olan dəmir borularun “Biləcəri Təmir Quraşdırma” QTSC-nin mülkiyyətində olmasını təsdiq etdiyi halda, yenidən Ali Məhkəmə işə baxaraq qəbul etdiyi 30.01.2019-cu il tarixli qərarında əvvəlki mövqeyinin ziddinə getmiş və dəmir boruların “Cənnər-Park” MTK-ya verilməsi barədə qərar qəbul etmişdi. Bununla da Ali Məhkəmə özünün nüfuzuna kölgə salaraq, dünya praktikasında görünməmiş bir qərar qəbul etməklə, eyni tərəflər arasında, eyni mübahisə predmeti ilə bağlı fərqli qərarlar qəbul etmişdir… Özünün pozulmuş hüquqlarını müdafiə etmək üçün Nazim Tahirov bundan sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmiş, Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin 30.012019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə həmin Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq yenidən baxılması qərarı verilmişdir. Bundan sonra, Ali Məhkəmənin Plenumunda işə baxılmış və bütün məhkəmə qərarları ləğv edilməklə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təəssüflər olsun ki, işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov qəbul etmiş olduğu 25.02.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozmuş, iş üzrə Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş hüquqi mövqenin ziddinə qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsi boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınmasının Konstitusiyada nəzərdə tutulmuş mülkiyyət hüququnun kobud pozuntusu ilə nəticələnəcəyini müəyyən etdiyi halda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov öz qərarı ilə hesab etmişdir ki, Konstitusiya Məhkəməsi səhv edib və borular “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınmalıdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Faciə ondadır ki, aşağı instansiya məhkəmələri məcburi qüvvəyə malik olan Konstitusiya Məhkməsinin qərarını saya almadığından Nazim Tahirov Ədliyyə Naziriliyinə, Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına və bir çox dövlət qurumlarına şikayətlər etsə də, onun haqq səsinə səs verən olmamışdı… Nazim Tahirovun şikayətinə əsasən işə nəhayət, 23.07.2021-ci il tarixdə Ali Məhkəmədə hakim Bəhram Məmmədlinin sədrliyi ilə baxılmışdır. Həmin gün Ali Məhkəmənin ədalətliyinə olan son ümidlər də torpağa gömülmüşdü. Amma şükür ki, Bakı Apellyasiya Məhkəməsinin yeni rəhbərliyi haqq və ədalətin yanında olmaqla Azərbaycanın məhkəmə sisteminə hörmət gətirmək yolunu tutmuşdur. Və yuxarıda deyildiyi kimi, Bakı Apellyasiya Məhkəməsində, nəhayət, ədalət zəfər çalmışdır…

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi