Bakıda ictimai çimərlik işə düşüb – Bütün xidmətlər pulsuzdur
Bakıda ilk ictimai çimərlik işə düşüb.
Bakı şəhər icra hakimiyyətindən fed.az-a verilən məlumata görə, ilk belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə, Salyan yolu 32 ünvanında (Bakı Şəhər Baş Kömrük İdarəsi ilə üzbəüz) dəniz kənarında 6 ha sahədə yaradılıb.
Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılmış, burada 60 ədəd kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinaları, 2 yerdə duş, 2 yerdə 2 kabinalı sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 ədəd söhbətgah quraşdırılmış, futbol və voleybol meydançaları yaradılmış, dəniz kənarına uzanan yola asfalt çəkilmiş, 3500 kvadrat metr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılmışdır.
Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.
Yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulmüşdur.
“Şıx” ərazisində fəaliyyətə başlayan və digər ərazılərdə yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcəkdir.
Bu xəbər üçün şərh yazın