Bakıda kirayə mənzillər sürətlə ucuzlaşır
Bu il daşınmaz əmlak bazarının, xüsusilə alğı-satqı əməliyyatlarının bütün dinamik göstəriciləri ötən illərlə müqayisədə mənfiyə doğru dəyişəcək.
Bunu Axar.az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı koronavirusla əlaqədar tətbiq edilən karantin rejiminin daşınmaz əmlak bazarına təsiri barədə danışarkən deyib. O bildirib ki, karantinin yekunlaşması daşınmaz əmlak və digər istehlak bazarında vəziyyətin əvvəlki vəziyyətə qayıdacağını proqnozlaşdırmağa əsas vermir:
“Burada dünya üzrə makroiqtisadi aktivliyin azalmasından və dünya iqtisadiyyatında problemlərin yaranmasından söhbət gedir. Mövcud vəziyyətlə əlaqədar bütün istehlak bazarında olduğu kimi, daşınmaz əmlak bazarında da ortaya çıxan vəziyyət qısa müddətdə dəyişməyəcək. Bu səbəbdən hesab edirəm ki, bu il üçün vəziyyətin stabilləşəcəyini düşünmək tezdir. Müşahidələr onu göstərir ki, 2020-ci ildə daşınmaz əmlak bazarında qiymətlərin azalması gözlənilir. Eyni zamanda aktivlik xeyli dərəcədə aşağı düşəcək. Ölkəmizə turist axınının əvvəlki səviyyəyə qayıtması da hələlik mümkün deyil. Buna görə də daşınmaz əmlak bazarında hələ ki, daha çox mənfi dinamikanı müşahidə edə bilərik”.
Ekspert onu da bildirib ki, kirayə mənzillərin qiymətində də dəyişiklik olacaq:
“Kirayə mənzil bazarı Azərbaycanda həssas məsələdir. Tələb həddən artıq yüksək, təklif isə azdır. Buna baxmayaraq, hesab edirəm ki, bu proseslər kirayə mənzil bazarına da təsir edəcək. Artıq qiymətlərin azalması müşahidə olunmaqdadır. Bu, kirayə mənzil verənlərin mövcud şəraitdə qarşı tərəfə güzəşt etmək istəyi və mənzillərin boş qalmaması üçün atılan addımlar hesabınadır”.
Bu xəbər üçün şərh yazın