
Bakıda MKTB-lərin milyonlarla manat vergi borcu niyə yaranıb? - AKTUAL
Paytaxtın əksər rayonları üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin (MKTB) dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.
Rayonlar üzrə borcun məbləği fərqlidir. Belə ki, Binəqədi rayon MKTB-nin 6 milyon 612 min 286 manat, Xətai rayon MKTB-nin 4 milyon 282 min 315 manat, Nərimanov rayon MKTB-nin 3 milyon 843 min 530 manat, Suraxanı rayon MKTB-nin 3 milyon 422 min 53 manat, Nəsimi rayon MKTB-nin 3 milyon 246 min 16 manat, Səbail rayon MKTB-nin isə 2 milyon 657 min 115 manat vergi borcu var. Qaradağ rayon MKTB-nin vergi borcu 135 min 245 manat təşkil edir.
Qeyd edək ki, Nizami və Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin vergi borcu yoxdur. Yasamal, Sabunçu və Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin isə vergi borcunun olub-olmaması ilə bağlı məlumat əldə etmək mümkün olmayıb.
Bakı şəhərinin bir sıra rayonları üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin milyonlarla manat vergi borcunun yaranmasının əsas səbəbi nə ola bilər?
Faktinfo.az xəbər verir ki,mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamsında əmlak eksperti Elnur Azadov bildirib ki, Azərbaycan Respublikasının mövcud Mənzil Məcəlləsinin və bir sıra digər qanunvericilik aktlarının tələblərinə əsasən, bu fəaliyyətin həyata keçirilməsi müəyyən hüquqi ziddiyyətlər yaradır:
“Belə ki, Mənzil-Kommunal Təsərrüfatı Birlikləri yaşayış binalarının xaricində yerləşən ərazilərə, o cümlədən məişət tullantılarının toplanması və ərazinin təmizlənməsi kimi xidmətlərə cavabdehdirlər.
Bu xidmətlərin göstərilməsi müqabilində vətəndaşlardan müəyyən xidmət haqları, eyni zamanda istilik təchizatı ilə bağlı ödənişlər toplanırdı. Lakin həmin xidmətlərin göstərilməsi ilə bağlı vətəndaşlarla hər hansı müqavilə bağlanılmırdı.
Halbuki açıq kommersiya münasibətləri şəraitində hər hansı xidmətin göstərilməsi və bunun müqabilində ödəniş tələb olunması müvafiq müqavilə münasibətlərinə əsaslanmalıdır. Hazırda bu sahədə islahatların aparılması istiqamətində müəyyən addımlar atılır.
Yaxın gələcəkdə mənzil-kommunal təsərrüfatı qurumlarının müştərək cəmiyyətlərə çevrilməsi nəzərdə tutulur. Bu dəyişiklikdən sonra həmin qurumların vətəndaşlarla kütləvi şəkildə xidmət müqavilələri bağlamaq imkanı yaranacaq”.
Ekspert qeyd edib ki, lakin burada mühüm bir hüquqi məsələ ortaya çıxır:
“Vətəndaşların müqavilə bağlayarkən alternativ seçim hüququ təmin edilməlidir. Yəni onlar yalnız bir qurumla müqavilə bağlamağa məcbur edilməməli, xidmət təminatçısını seçmək imkanına malik olmalıdırlar. Bu proses heç bir halda məcburi xarakter daşımamalıdır.
Əgər vətəndaşların bir qismi müqavilə bağlayır, digər qismi isə bundan imtina edirsə, onların hüquqları və xidmətlərdən istifadə imkanları necə tənzimlənəcək? Vətəndaşların müqavilə bağlamağa məcbur edilməsi isə istehlakçı hüquqlarına ziddir”.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın