Bakıda qadın narkobaron saxlanıldı – İki qurumdan birgə əməliyyat
Bakıda iki qurumun birgə əməliyyatı ilə 10 kq-a yaxın narkotik maddə dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələrin “Aynur” adlı şəxs tərəfindən realizə olunacağı barədə məlumat daxil olub.
Dərhal yaradılan əməliyyat qrupu Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, “AAF-Park” yaşayış kompleksində yerləşən istirahət parkında əməliyyat keçirib və Azərbaycan Respublikası vətəndaşı Məmmədova Aynurə Əlibala qızı şərti alıcı qismində çıxış edən əməliyyat müvəkkilinə narkotik vasitələri satarkən saxlanılıb.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilən Məmmədova Aynurə Əlibala qızına məxsus sellofan torbaya və qara rəngli çantaya baxış keçirilib. Yoxlama zamanı sellofan torbadan 4 kq 55 qram narkotik vasitə – tiryək, qara rəngli çantadan isə 4 kq 958 qram narkotik vasitə – həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu xəbər üçün şərh yazın