Bakıda sərəncamda olan polislərdən şok əməllər — Təfərrüat
Bakıda dələduzluq etməkdə ittiham olunan 1955-ci il təvəllüdlü Ziyalı Əbdüləzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, Ziyalı Əbdüləzizov tanışı Ceyhun Abışov ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə dələduzluq cinayəti törədib.
Belə ki, Ceyhun Abışov özünü Ramil Hüseynova sərəncamda olan polis əməkdaşı kimi təqdim edib, daxili işlər orqanlarında çalışan yüksək vəzifəli tanışlarının olmasını bildirib. O, Ramil Hüseynovun Bakı şəhər Baş Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış tanışı Anar Məhərrəmova elan edilmiş ittihamı daha yüngül ittihamla, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif elətdirəcəyinə dair yalan vəd verib.
Ramil Hüseynova tanışı Anar Məhərrəmova elan edilmiş ittihamı daha yüngül ittihamla əvəz edilməsi və ruhi xəstəliyi ilə bağlı rəy alması üçün müəyyən məbləğdə pul tələb edildiyini bildiriblər, Ramil Hüseyovdan 2017-ci ilin iyul ayında hissə-hissə olmaqla Abşeron rayonunun Xırdalan şəhərində ilk dəfə 5000 manat, sonra isə 3500 və 500 manat, daha sonra Bakı şəhəri, metronun 20 yanvar stansiyasının yaxınlığında 2000 manat və 2017-ci ilin iyul ayının sonlarında Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında 1000 manat alıb.
Ümumilikdə Ramil Hüseynovdan 12000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə alıb ələ keçiriblər.
İstintaq orqanı tərəfindən Ziyalı Abduləzimovun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, cinayət işində adı keçən Ceyhun Abışovun barəsində olan cinayət işi ayrıca icraata götürülüb. Ziyalı Abduləzimovun barəsində olan cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Ziyalı Abduləzimovun barəsində hökm oxunub. Hökmə əsasən, Ziyalı Abduləzimov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ziyalı Abduləzimov apelyasiya şikayəti verib. O, qeyd edib ki, barəsində qəbul edilmiş birinci instansiya məhkəməsinin hökmü ədalətsiz və qanunsuzdur. O, əsassız olaraq məhkəmə tərəfindən məhkum edildiyini qeyd edib.
Ziyalı Abduləzimov bildirib ki, heç vaxt heç kimə qarşı dələduzluq etməyib, heç kimi aldadaraq pulunu əlindən almayıb. Əlavə edib ki, heç kimlə cinayət əlaqəsinə girməyib. Hökmdə adları çəkilən insanları ilə ümumiyyətlə tanımadığını söyləyən Ziyalı Abduləzimov bildirib ki, Ceyhun Abışovun Ramil Hüseynova qarşı dələduzluq hərəkətlərini etməsinin ona heç bir aidiyyəti olmayıb.
Ziyalı Abduləzimov günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ziyalı Abduləzimovun apelyasiya şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Ziyalı Abduləzimov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədirlik etdiyi kollegiyada baxılıb.
Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.
Fariz Məlikli
Demokrat.az
Bu xəbər üçün şərh yazın