Bakıda zəlzələ baş verərsə binanın uçqunu o biri binanın üzərinə düşəcək

Bakıda zəlzələ baş verərsə binanın uçqunu o biri binanın üzərinə düşəcək 

Son illər ölkədə, o cümlədən paytaxt Bakıda çoxsaylı yaşayış binaları tikilib istifadəyə verilir.

Həmin binların bir qismi xarici görünüşü ilə diqqəti cəlb edir. Bakıda istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binaları ilə yanaşı, tikintisi yarımçıq qalmış binalar da az deyil. Belə binaların sayı 200-dən çoxdur. Beləliklə, hazırda Bakıda tikintisi yarımçıq qalmış binalarla yanaşı, müxtəlif problemli binalar da var. Prezident İlham Əliyev öz çıxışında mövcud vəziyyətə toxunaraq bildirib ki, Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir:

“Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişib. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var. Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıb”.

Ölkə başçısı onu da vurğulayıb ki, hələ də belə hallar var:

“Mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır - Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək”.

Ölkə başçısının da qeyd etdiyi kimi, bu sahədə hələ də problemlər var. Yeni binalar inşa edilərkən müvafiq sənədlər tələb olunur. Bəs binanın xarici görünüşü ilə bağlı hansısa standartlar varmı? DİA.AZ-ın məlumatına görə, tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyev Cebhe.info-ya bildirdi ki, bina tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunur, cizgilər dəyərləndirilir və razılıq verilir:

“Ancaq məsələ odur ki, bizdə yazılmayan qanunlar var. Buraya, məsələn, kiminsə tanışı, “hörmət” və s. amillər daxildir. Binanın həm interyeri, həm eksteryeri, eləcə də digər amillərə bağlı düzgün qərarlar verilmir. Nəticədə də binanın çökməsinə gətirib çıxarır, yaxud da binanın hava, gün şüalarının qəbulu ilə bağlı problemlər yaranır ki, nə həyət işıqlandırılır, nə həyəti var.

Bizdə konkret binanın hansısa texniki norativ qaydalarına nəzarət edən qurum, norma-qayda var, ancaq xarici görünüşünə görə binanın hansı üslübda tikilməsi, yaxud tikilməməsi ilə bağlı yazılı və şifahi şəkildə qanun, qərar yoxdur”.

Mütəxəssisin sözlərinə görə, xaricdə, o cümlədən qədim tarixə malik olan ölkələrdə çalışırlar ki, yeni üslübda evlər tikilməsin: “İstəyirlər ki, köhnəyə yaxın üslübda olsun. Məsələn, İspaniyanın şəhərlərində, Çex Respublikası, bəzi digər ölkələrdə evlər var ki, görünüşü eynidir, dam örtüklərini belə dəyişmirlər ki, bu, şəhərin ümumi, həm panoram, quş uçuşu üzərindən görünüşünə müdaxilə olmasın. Bizdə belə bir təcrübə Balaxanıda oldu, şəhərin bütün küçələri ağ oldu, fərqli yazılar, şəkillərlə birdən-birə dəyişdi. Biz Balaxanıda böyük bir qəsr tipli nəsə tiksək, artıq bu, yad görünüş olacaq”.

Ekspert deyir ki, şəhərin içində əsas problem kimi binaların bir-birinə çox sıx yerləşməsini göstərmək olar:

“Bu, xarici görünüşlə bağlı eybəcər görüntü yaradır, binanın özünün arakəsmələri, 2-3 binanın bir yerdə tikilməsi artıq bir binanın digər binaya kölgə salmasına səbəb olur. Gün işığının qarşısının alınması eybəcər vəziyyətə gətirib çıxarır. Binanın həyətində uşaqların oynaması, avtomobil saxlamaq üçün hır hansı şərait olmur. Bakıda belə binalar həddindən artıq çoxdur. Məsələn, hündürmərtəbəli binalar var ki, 5-6 mərtəbədən aşağı gün işığı düşə bilmir. Bəzi binalar var ki, həmin əraziyə Fövqəladə Hallar Nazirliyinin maşını daxil ola bilmir. Yaxud zəlzələ baş verərsə, bir binanın uçqunu o biri binanın üzərinə düşəcək. Yəni binaların xarici görünüşünü kənara qoysaq belə, hər hansı bir fövqəladə hal zamanı nəzərdə tutulan tədbirləri həyata keçirmək mümkün deyil. Dəfələrlə şahidi olmuşuq ki, yanğın zamanı yanğınsöndürən maşını həyətə daxil ola bilmir ki, hadisənin qarşısını alsın”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər