Bakını “ditdili” basıb, dezinfeksiya aparan isə yoxdur
Yay mövsümü başlar-başlamaz Bakı ağcaqanadların hücumuna məruz qalıb. Həm də, ötən illərdən fərqli olaraq bu mövsüm qansoran həşəratların sayı xeyli çoxdur.
Əvvəllər daha çox nəmişlik ərazilərdə, dəniz və göllərin yaxınlığındakı yaşayış yerlərində rast gəlinirdisə, artıq paytaxtın hər yerində ağcaqanadların əlindən yaşamaq müşkülə çevrilib.
Virtualaz.org xəbər verir ki, Binəqədi rayonu, 4-cü mikrorayon ərazisində yaşayan sakinlər son bir neçə ilə əvvələ qədər bu qədər kütləvi ağcaqanad hücumuna məruz qalmadıqlarını deyirlər.
“Ağcaqandaların əlindən bütün rahatlığımız pozulub. Gündüz dözülməz isti olur, elə ki, hava sərinləyir, eyvanda, həyətdə hava almaq istəyirik, ağcaqanadlar tökülür üstümüzə, udduğumuz havanı gözümüzdən gətirirlər. Məcbur qayıdıb giririk evə. Heç evdə də bizi rahat buraxmırlar. Gecəni ağcaqanada qarşı dərmanlarla keçiririk. Gündüz istidən nəfəs ala bilmirik, gecə də dərmanların zəhərindən təmiz havaya həsrət qalmışıq”, - Binəqədi rayonu, R. Behbudov küçəsində yaşayan Sürəyya Əsgərova bildirir.
Sakin qeyd edir ki, sovet dövründə vaxtaşırı olaraq həşəratlara qarşı mübarizə tədbirləri görüldüyündən problem bu cür qabarmayıb.
Eyni problem digər rayonlarda – Suraxanı, Xəzər, Nəsimi, Qaradağda da müşahidə olunur. Nəsimi Rayonu, Novruzov qardaşları küçəsində yaşayan sakinlər deyirlər ki, yaşadıqları evlərin həyətlərini öz vəsaitləri hesabına özləri dərmanlayırlar. Lakin kompleks dərmanlama həyata keçirilmədiyindən bu “özfəaliyyət” cəmi bir neçə gün faydalı olur. Sakinlərlə söhbətdən bəlli olur ki, heç hansı quruma şikayət etməli olduqlarını da bilmirlər.
Problemlə bağlı Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Dezinfeksiya Stansiyasına (BŞDS) müraciət etdik. İdarənin əməkdaşı İlham Əliyev virtualaz.org-a bildirdi ki, hər hansı ərazidə dezinfeksiya işinin aparılması üçün müvafiq bələdiyyə orqanı və ya MİS tərəfindən idarəyə rəsmi müraciət olunmalıdır: “Əgər tabeli qurumların bizim idarə ilə müqaviləsi varsa, bizə dezinfeksiya üçün müraciət oluna bilər. Dövlət tərəfindən maliyyə vəsaiti ayrılır və və biz həmin ərazini dərmanlayırıq. Amma biz əhalidən sifarişlər qəbul edə bilmirik, çünki dezinfeksiya işləri həyata keçirilən zaman həmin ərazidə insanlar olmamalıdır, əhaliyə xəbərdarlıq olunmalıdır. Ona görə, bu işi MİS və ya bələdiyyə həyata keçirir. Başqa rayonlarda vəziyyət necədir, bilmirəm, amma hazırda Xətai rayonunda belə müqaviləmiz var və orada dezinfeksiya işləri həyata keçirilir”.
İ. Əliyev deyir ki, stansiyanın nəzdində olan 3 MMC – Suraxanı, Sabunçu, Xətai, Nizami və Xəzər rayonları ərazisində “Suraxanı rayon bölməsi MMC”, Nəsimi, Nərimanov, Binəqədi rayonları üzrə “Nərimanov rayon bölməsi MMC” və Yasamal, Səbail və Qaradağ rayonları üzrə “Səbail rayon bölməsi MMC” dezinfeksiya tədbirlərini həyata keçirir.
BŞDS nümayəndəsinin sözlərinə görə, hazırda onlarla paralel olaraq bu işi həyata keçirən özəl şirkətlər də var. Bəzi rayonlarda bələdiyyələr və MİS-lər Bakı Şəhər Dezinfeksiya Stansiyası ilə deyil, özəl şirkətlərlə müqavilə bağladıqlarından həmin ərazidə dərmanlama tədbirlərini özəl şirkətlər həyata keçirir.
Belə məlum olur ki, əksər rayonların bələdiyyə və MİS-ləri nədənsə BŞDS ilə müqavilə bağlamağa maraqlı deyillər. Bir neçə bələdiyyəyə zəng etsək də, məlum oldu ki, bələdiyyələr bu funksiyalarının olmasından ümumiyyətlə xəbərsizdirlər. Məsələn, Binəqədi rayon və Rəsulzadə qəsəbə bələdiyyələrindən indiyə qədər onlara oxşar problemlə bağlı heç bir müraciətin daxil olmadığını dedilər. Xəzər rayon Buzovna bələdiyyəsindən də sualımızı təəccüblə qarşılayaraq indiyə qədər əhali tərəfindən belə müraciətlərin qeydə alınmadığını dedilər və heç bilmədilər ki, müraciət olarsa, necə köməklik olunacaq. Bələdiyyələrdən fərqli olaraq, adı olub özü olmayan MİS-lərdə isə ümumiyyətlə, telefon zəngimizi cavablandıran olmadı.
Dezinfeksiya tədbirlərini həyata keçirən özəl şirkətlərə də zəng edib bu prosesin necə həyata keçirilməsi ilə maraqlandıq. “166” xidmətinin operatoru virtualaz.org-a bildirdi ki, onlara sifariş həm şirkət, həm də fiziki şəxsdən gələ bilər: “Bizdə dezinfeksiya tədbirləri kvardat metrə göə aparılır və 50 kvadrat metrə qədər ödəniş məbləği 35 manatdır. Bu həşəratlara qarşı və ya gəmiricilərə, mikroblara qarşı dərmanlama ola bilər”.
Qeyd edək ki, ağcaqanadın xüsusi növü var ki, onlar insanı dişlədikdə malyariyaya yoluxdura bilər. Xüsusilə aran zonasında bu növ ağcaqanadlar çoxdur, ona görə orda malyariyaya yoluxma ehtimali yüksəkdir. Əhali isə gündəlik mübarizə tədbiri kimi ağcaqandlara qarşı tablet və ya maye formasında olan, elektriklə işləyən dərmanlardan istifadə edir. Mütəxəssilər isə bunu ağcaqanad dişləməsindən daha təhlükəli sayırlar. Belə ki, ağcaqanad dərmanlarının tərkibində daha çox “deet”(dietolyamid, ya da əsil adı diethyl meta-tolamide) və permetrin adlı kimyəvi maddələr var. Bu maddənin insan beyni hüceyrəlinə məhfi təsiri barədə araşdırmalar var və iddia olunur ki, nevrotoksik təsirə malik maddə sinir sistemini tədricən dağıtmaq gücünə malikdir.
Bu xəbər üçün şərh yazın