“Bank Respublika”da nə baş verir? - Sığorta şirkəti biznesini itirir: yarım milyonluq…
Əsas səhmdarı “Bank Respublika” olan “Bakı Sığorta” şirkətinin biznesi getdikcə daha da kiçilir.
Yeni Sabah.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkəti bu ilin ilk yeddi ayında 3,2 milyon manat sığorta haqqı toplayıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13% və ya 475 min manat azdır. 2022-ci ilin yanvar-iyul aylarında sığorta şirkəti 3,7 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Bu dövrdə “Bakı Sığorta”nın sığorta ödənişləri isə əksinə, 5,3% və ya 78 min manat artaraq 1,54 milyon manata yüksəlib. Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə də təsirsiz ötüşməyib.
Belə ki, “Bakı Sığorta” 2022-ci ilin ilk yeddi ayında topladığı hər 100 manatdan 39,5 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 47,8 manata qədər artıb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (51,29%), “Toyota Absheron Center” MMC (9,38%), “Subaru Azərbaycan” MMC (9,38%), “Yeni Motor” MMC (9,38%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%).
Bu xəbər üçün şərh yazın