Banklarda gördüklərimiz: - Dollara tələb niyə artıb?
Azərbaycanda son günlərdə dollara tələbin artması müşahidə edilir.
Hazırda əhali arasında manatın dollar qarşısında növbəti dəfə ucuzlaşa biləcəyi iddiaları gəzir. Lakin bu iddiaların həqiqəti əks etdirmədiyi rəsmi qurumlar tərəfindən bir neçə dəfə bəyan edilib. Buna rəğmən, vətəndaşların bir hissəsi əllərində olan nağd pulu dollara çevirməyə qərar verib. Görünən odur ki, vətəndaşlar devalvasiya qorxusuna görə bu addımı atırlar.
Maraqlıdır, hazırda banklara məxsus valyutadəyişmə məntəqələrindən dolların alış və satış qiymətlərində hər hansısa bir artım var? Eləcə də dollar alan vətəndaşların sayında artım müşahidə olunur?
cebhe.info-nun əməkdaşı son vəziyyəti öyrənmək üçün bir neçə banka baş çəkib.
Yasamal rayonunda, “Nizami” metro stansiyasının ətrafında yerləşən banklara üz tutub.
Belə ki, “Kapital Bank”-da dolların alış qiyməti 1.6970, satışı isə 1.7020 səviyyəsində olub. Həmçinin, bankdan bildiriblər ki, son günlərdə dollar satışında xeyli artım yaşanır.
“Günay Bank”-da isə dolların alışı 1.7000, satışı isə 1.7025 dəyərində olub. Bankın əməkdaşları dollar alıcılarının sayının artmasını təsdiq ediblər. Bildiriblər ki, hazırda bankda dolların alış və satış qiymətində hər hansısa bir dəyişiklik yoxdur, amma dollar alıcıları arasında artım var.
“Muğan Bank”-da da dolların alış və satış qiyməti “Günay Bank”-la eynilik təşkil edib. Burada da qiymətlər müvafiq olaraq 1.7000 və 1.7025 səviyyəsində olub. Həmçinin, “Muğan Bank”-dan da dollara tələbatın artdığını bildiriblər.
Burdan belə bir nəticəyə gəlmək olur ki, əhalinin dollara olan tələbatı artır.
Bu xəbər üçün şərh yazın