Banklardakı pullar kimlərə məxsusdur? –“Vəsaitlərin əsas hissəsi məcburən saxlanılır”
“Son 5 il ərzində Mərkəzi Bankın dəstəyi ilə banklar tez-tez lovğalanaraq gileylənir ki, ay, nə bilim pulumuz (likvid vəsaitimiz) çoxdur, amma hara yerləşdirməyi (yəni kimə kredit verməyi) bilmirik.
Əslində, bu riyakarlıqdır. Onlar gözəl bilir ki, hesablarda olan əksər vəsaitlər fərdi sahibkarlara və hüquqi şəxslərə mənsubudr və həmin vəsaitlər banklarda qanunsuz olaraq zorla saxlanılır”.
AzPolitika.info xəbər verir ki, bu sözləri iqtisadçı, bank sektoru üzrə ekspert Əkrəm Həsənov bildirib.
Ekspert 2017-ci ildən etibarən dövriyyəsindən (200.000 manata qədər və ondan yuxarı) asılı olaraq fərdi sahibkarlara və hüquqi şəxslərə ay ərzində müvafiq olaraq 15.000 və 30.000 manatdan çox vəsaiti nağdlaşdırmağa imkan verilmədiyini vurğulayıb:
Ə. Həsənov əlavə edib ki, əsas kimi 2017-ci ildən qüvvəyə minmiş “Nağdsız hesablaşmalar haqqında” Qanuna istinad edilir: “Halbuki, əslində sözügedən qanunun 3.3-cü maddəsinə əsasən, fərdi sahibkarlar və hüquqi şəxslər sadəcə ay ərzində həmin limitdən artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidir. Nağdsız hesablaşmanın da nə demək olduğu həmin qanunun 3.1-ci maddəsində təsbit edilib: söhbət digər şəxsə vəsaitin verilməsindən gedir. Yəni hər kəs öz hesabından istədiyi qədər vəsaiti çıxarıb kassasında saxlaya bilər (və bu da ədalətlidir, çünki etimadı zorla qazanmaq olmaz: banklar müflisləşəndə ilk növbədə sahibkarlıq subyektlərinin vəsaiti batır və dövlət onlara təminat vermir). Əsas odur ki, ay ərzində başqalarına nağd qaydada sözügedən limit çərçivəsində ödəniş etsin”.
Ə.Həsənov vurğulayır ki, qanunu tamamilə yanlış tətbiq edərək banklar süni şəkildə yüksək likvidliklərini təmin edir: "Kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində xeyli şirkət "ağardığı” üçün də bankların depozit bazası bir qədər də artıb. Amma həmin vəsaitləri kredit verməyə də qorxurlar. Çünki bilirlər ki, vəsaitlərin əksər hissəsi onlarda xoşluqla deyil, məcburən saxlanılır. O cümlədən bank sisteminin guya inkişaf etdiyini göstərmək üçün…”
Bu xəbər üçün şərh yazın