Baş bəlasına çevrilən sazişdə Şahin Mustafayev imzası - İran işğaldakı torpaqlarımızda niyə körpü tikir?
Aprel ayında sosial şəbəkələrdə İrandan işğal olunmuş Cəbrayıl rayonuna Araz çayı üzərindən salınan körpunun göruntuləri yayıldı.
Azərbaycan ictimaiyyətinin kəskin etirazlarından sonra İran məsələ ilə bağlı yerli KİV-lərdə açqılama verdi. Amma bu açıqlma tam olaraq heç nəyi açıqlamadı. İran tərəfi bildirdi ki, 25 fevral 2016-cı ildə İranda rəsmi səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə iranlı həmkarı, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə ilə Xudafərin çayı üzərində "Xudafərin" SES və "Qız Qalası" su hidroqovşaqlarının bərpası barədə razılığa gəlinib. Həmin körpülər də bunun üçün qurulub.
Bakupost.az xəbər verir ki, İranın ölkəmizdəki səfirliyi də məsələ ilə bağlı açıqlama yaydı. Amma bu açıqlama KİV-lərdə yayılanlardan xeyli fərqləndi:
“İrandan Dağlıq Qarabağa çəkilən 5 körpü barədə iddialar həqiqəti əks etdirmir. Xəritələrdə görünən 2 körpü qədim tikililərdir və hazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin əlavələridir. Həmin 3 körpü isə gizli tikilməyib və İran tərəfi onları “DQR”-ə yox, Azərbaycan Respublikası ərazisinə çəkib. Biz həmin əraziləri Azərbaycanın torpaq bütövlüyü çərçivəsində qəbul edirik və müstəqilliyini elan edəndə bu respublikanı ilk tanıyan dövlət olmuşuq".
İranla Azərbaycan arasında çəkilən körpüləri başqa cür təqdim edənlərin niyyətinin saf olmadığını, iki qardaş ölkə arasında xoş münasibətlərə xələl gətirmək istənildiyini vurğulayan səfirlik məsləhət görüb ki, belə informasiyaları ciddi qəbul etməyək.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da məsələyə aydınlıq gətirib.
X.Xələfov bildirib ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının, su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığı nəzərdə tutan saziş 2016-cı ildə imzalanıb. Bu sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləridir. Bu saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır:
"Həmin prinsiplərdən çıxış edərək, sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanmışdır. Həmçinin, sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir".
Nazir müavini körpülərin tikilməsi hadisəsinə sazişə uyğun layihələrin həyata keçirilməsi çərçivəsində baxılmasının düzgünlüyünə diqqət çəkib:
“İran İslam Respublikasının səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Bu, hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik olan sözügedən sazişdə öz əksini tapmışdır.
İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir”.
Ancaq X.Xələfovun bu açıqlaması ictimaiyyəti qane etmədi. Buna örə də sosial şəbəkələrdə hadisə ilə bağlı etiraz tipli statuslar yazılmağa davam edir. Bir çox insanlar düşünür ki, nazir müavini məsələyə tam aydınlıq gətirməyib, bu cavab məsələnin mahiyyətini tam açıqlamır.
Bu cür düşənənlərdən biri də “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğludur. O da X.Xələfovun izahını yetərli saymır:
“Tehran deyir ki, İranla Dağlıq Qarabağ arasında körpünün tikintisinə Azərbaycan tərəfi icazə verib və bununla bağlı müvafiq saziş var. Sual olunur: Biz belə bir körpünün tikintisinə niyə icazə vermişik? Bir tərəfdən həyəcan təbili çalırıq ki, İrandan erməni separatçılarına yük daşınır və yüklərin daşındığı körpünün şəkillərini paylaşırıq, o biri tərəfdən də öyrənirik ki, həmin körpü sən demə Azərbaycan hökumətinin icazəsiylə tikilib. Xələf Xələfov da deyir ki, körpünün tikintisinə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. Bu stansiyaların tikintisinin körpüyə nə dəxli var? Həmin sazişə imza atanlardan biri keçmiş iqtisadi inkişaf naziri Şahin Mustafayevdir. O, bu körpünün tikintisinə izahat verməlidir”.
Bu xəbər üçün şərh yazın