Baş redaktorların “yubiley” davası: - “Xalq qəzeti”ni biabırçılıqdan xilas edin”
“Xalq qəzeti”ni biabırçılıqdan, baş redaktorunu isə qəflətdən xilas edin.
Bunu “Respublika” qəzetinin baş redaktoru, 88 yaşlı Teymur Əhmədov “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist, tarixçi Həsən Həsənova və redaksiyasının ünvanına deyib.
Teymur Əhmədov “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənovun qəzetin yaşını saxtalaşdırmağa və “şou” göstərməyə çalışdığını qeyd edib:
“Xalq qəzeti”nin 100 illik yubileyi ilə bağlı sorğu-sual edənlər haqlı olaraq soruşurlar ki, qəzetin manşetində “Qəzet 1919-cu ildən nəşr edilir” yazıldığı halda, siz nə üçün bu qəzetin yubileyinin keçirilməsinə etiraz etmisiniz?
Nəzərinizə çatdırım ki, milli mətbuat aləmində “Xalq qəzeti”nin nəşr tarixi 1991-ci ildən başlayır. Əməkdar jurnalist, tarixçi, baş redaktor Həsən Həsənov inad göstərib 28 yaşlı müstəqillik dövrünün yetirməsi “Xalq qəzeti”ni “respublikanın ən qocaman qəzeti” adlandırıb, onun 100 illik yubileyini keçirərək ənam qazanmaq istəyirdi? İctimaiyyəti də bu işə cəlb etmişdi. 2019-cu ilin avqust ayında canfəşanlıqla səhifə-səhifə yubiley şənliyi - “şou” keçirirdi. Onun yalan marafonu ayaq tutsa da, qarşısı alındı”.
Bununla yanaşı, T.Əhmədov Həsən Həsənov barədə Prezidentin köməkçisi Əli Həsənova şikayət edib:
“İndi Əməkdar jurnalist, tarixçi, baş redaktor Həsən Həsənov bədnamlıqdan nəticə çıxarmayıb. Məcnun Leylinin dəlisi olan kimi, bu da Xalq Cümhuriyyəti dövründə - 1919-cu ildə ilk nömrəsi müsadirə olunan “Kommunist” qəzetinin tarixini və 75 illik yubileyini (28 yaşlı) “Xalq qəzeti”nin adına çıxıb yenə kəmfürsətlilik etmək, gələcəkdə yubiley “şou”su keçirmək niyyətindədir.
Güman edirəm ki, bunlar prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun diqqətini çəksə, o, “Xalq qəzeti”nin manşetinin - ilk səhifəsinə başlığın altında yazılan “Qəzet 1919-cu ildən nəşr edilir” ağ yalanına icazə verməz.
Beləliklə, “Xalq qəzeti” biabırçılıqdan xilas olar. Hümmət edin, baş redaktoru qəflətdən ayıldın!
Qeyd edək ki, bu məqalə “Respublika” qəzetində dərc edilib. /Oxu.az
Bu xəbər üçün şərh yazın