Başbuğ ABŞ-ın S-400-lərdən niyə ehtiyatlandığını açıqladı
Hər ölkənin öz hava məkanına nəzarət etməsi və oradan gələn təhdidlərin qarşısını alması dövlətin üzərinə düşən əsas vəzifələrdən biridir. Bu, təhlükəsizlik məsələsidir.
Bunu “Habertürk” televiziyasına müsahibəsində Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ deyib.
“776 min kvadrat kilometr ərazimiz var. Sahil zonasında olan hava məkanı sizin hökmranlıq olduğunuz sahələrdir. Buradan ölkəyə hansı təhdidlər gələ bilər? Bunlar PUA-lar, təyyarələr, raketlər ola bilər. Əgər hava məkanınıza nəzarət edə bilmirsizsə, bu təhdidlərə qarşı tədbir görəcək qabiliyyətiniz yoxdursa, demək, təhlükəsizliyiniz də yoxdur. Türkiyənin hazırda yaxın və orta mənzilli havadan müdafiə sistemləri var, amma uzun mənzilli hava hücumundan müdafiə sistemlərimiz yoxdur”, – deyə o bildirib.
Başbuğ Türkiyənin hava hücumundan müdafiə sistemlərini almaq məsələsində çox gec qaldığını deyib. Türk generalın fikrincə, Türkiyənin Rusiyadan aldığı S-400-lər “Patriot”lardan çox üstün imkanlara sahibdir:
“S-400-ləri “Patriot”lardan üstün edən əsas cəhət bir batareyanın özbaşına hədəfi müəyyən edib, məhv edə bilməsidir. S-400-lərin hədəfi vurma məsafəsi 400 kilometr olduğu halda, “Patriot”larda bu 150 kilometrdir. “Patriot”lar hədəfi 600 kilometr öncədən aşkar etsə də, 150 kilometrə gələnə qədər hədəfi vura bilmir. S-400 hazırda sistem olaraq dünyanın ən yaxşısıdır”.
Başbuğ ABŞ-ın F-35-lərdən böyük pullar əldə etdiyini və bunun üçün də onu əlindən çıxarmaq istəmədiyini söyləyib:
“S-400 və F-35 bir-birinə bağlı məsələlərdir. F-35 F-16-ların bir üst mərhələsidir. Bu təyyarələrin önəmli özəlliyi radara düşməmələridir. F-35-i S-400-lərin yaxalayıb-yaxalamayacağını bir kənara qoyun. Bu təyyarənin prototipi 2001-ci ildən hazırlanır. 2002-ci ildə Türkiyə layihəyə daxil olub. Hazırda 9 ölkə bu təyyarəni alacağını deyir. Bunlar ABŞ, İngiltərə, İtaliya, Avstraliya, Hollandiya, Norveç, Danimarka, Kanada və Türkiyədir. Bu siyahıda Fransa və Almaniya yoxdur. Onlar öz təyyarələrini istehsal etmək istəyirlər.
Türkiyənin bu təyyarənin istehsalından qazanacağı pul 6-12 milyard dollardır. ABŞ şirkəti isə təyyarələri hazırlayıb ölkələrə satarsa, Vaşinqtonun qazancı 1,5 trilyon dollar olacaq. Bu, müdafiə sənayesində çox böyük pullardır. Hazırda əsas problem bu təyyarələrin həqiqətən görünməz olub-olmamasıdır. Əgər S-400 kimi sistem bu təyyarələri yaxalaya bilsə, o zaman bütün layihə riskə girəcək”.
Başbuğun sözlərinə görə, hazırda ABŞ üçün əsas problem F-35-in məlumatlarının S-400-ə yüklənməsidir:
“F-35 ABŞ üçün çox böyük layihədir. İndi Türkiyə S-400-ləri Rusiyadan almaq qərarı qəbul edib. Tezliklə, S-400-lər Türkiyəyə gələcək. Əgər Türkiyə bundan imtina etsə, o zaman dövlətin etibarı çökəcək. Bir türk olaraq biz də bunu qəbul edə bilmərik. Bunun əksini düşünmək olmaz. Məsələyə ABŞ-ın gözüylə baxaq. Amerika düşünür ki, bizə F-35-lər versələr, onun elektronik bilgiləri S-400-ə yüklənəcək. Bu isə F-35-lərin radarlarda həqiqətən görünməz olub-olmamasını sınaqdan çıxarmaq deməkdir. Mənim fikrimcə, ABŞ bunu qəbul edə bilməz. Söhbət 1,5 trilyonluq layihədən gedir. Məncə, layihədə problem var. Əgər bunu ən yaxşı sistem test edərsə, layihə tam ölər.
Əgər bu sistemləri Türkiyənin cənubuna yerləşdirsəniz, Şərqi Aralıq, Suriya, Kipr üzərindəki hava məkanını qapadırsınız və orada heç kimin uçmağına izn vermirsiniz. Bu sizə böyük güc verir. Amerikalılar indi deyirlər ki, S-400-lər Türkiyəyə gəlsin, amma aktiv edilməsin. Bəs biz bunu aktiv etsək, bunu müəyyən edə bilərlərmi?
Peykdən müəyyən edə bilərlər”./Axar/az
Bu xəbər üçün şərh yazın