"Başqasının əmlakını almaq, mənimsəmək Səttar Möhbalıyevin adətidir" -Aslan İsmayılov
“Bakının Bilgəh qəsəbəsində yerləşən villamın Şıx Sanatoriyasının ərazisinə heç bir aidiyyatı olmayıb. O ərazini Bibiheybət bələdiyyəsindən almışam.
Deputat Səttar Möhbalıyev “Xəzər” restoranını ələ keçirmək istəyəndə, restoran sahibini müdafiə etdim. Buna görə də Möhbalıyev məhkəmələrə müraciət edib qərar çıxartdırdı ki, guya villam Şıx Sanatoriyasının ərazisini qanunsuz olaraq zəbt edib. Əgər həqiqətən də ora sanatoriyanın ərazisi idisə, sökdürərdi. Niyə sökdürmədi? O bilirdi ki, burda qanunsuz heç nə yoxdur. Bu günə qədər ölkədə heç bir qanunsuz addım atmamışam, atmaram da... Amma qanunsuzluğun qarşısında da kimin olmasından asılı olamayaraq heç vaxt qaçmamışam”.
Faktinfo.az xəbər verir ki,bu sözləri Pravda.az-a açıqlamasında vəkil Aslan İsmayılov deyib.
O bildirib ki, sosial şəbəkələrdə indi gündəmə gətirilsə də, bu məsələ 10 il bundan qabaq olub: “Həmin hasar bu gün də yerindədir. Amma “Xəzər” restoranını Səttar Möhbalıyev sahibkar Xanlar Hüseynovun qanunsuz olaraq əlindən aldı. Bu barədə illər əvvəl müsahibələr də vermişəm. Hər şeyi izah etmişəm ki, bütün problemlərin kökü nədədir. Bu həmin Səttar Möhbalıyevdir ki, vaxtilə qazi Zaur Həsənovun əmlakını əlindən aldı, o da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında od vurub özünü yandırdı. Ondan əvvəl də Möhbalıyev maştağalı sahibkar, tanınmış iş adamı Fikrət Rəcəbovun “Xəyal” restoranını əlindən aldı. Fikrət Rəcəbov da özünü asdı. Başqasının əmlakını almaq, mənimsəmək Səttar Möhbalıyevin köhnə adətidir. Təəssüf edirəm ki, bu günə qədər hələ cavab verməyib. Amma həyatın ədalətli olduğuna inanıram. İnanıram ki, o, bütün bunlara bir gün cavab verəcək...”
Bu xəbər üçün şərh yazın