Baydendən Konqresə təklif: - Rusların pulu Ukrayna üçün xərclənsin
Bu gün ABŞ prezidenti Cozef Bayden Konqresə rusiyalı iş adamları ilə əlaqəli əmlakı ələ keçirməyə və alınan vəsaitləri Ukraynaya dəstək üçün istifadə etməyə imkan verəcək təkliflər göndərəcək.
Bu barədə Ağ Evin yazılı bəyanatında deyilir. Sənəddə bildirilir ki, bu təkliflər paketi rusiyalı iş adamları ilə əlaqəli əmlakın müsadirə edilməsi üçün yeni səlahiyyətlər yaradacaq və hökumətə Ukraynaya dəstək üçün alınan vəsaitdən istifadə etməyə və müvafiq hüquq-mühafizə mexanizmlərini daha da gücləndirməyə imkan verəcək.
Ağ Ev əlavə edib ki, bu təklif oliqarxların aktivlərinin ələ keçirilməsi prosesini sadələşdirmək, müsadirə edilməli olan aktivlərin əhatə dairəsini genişləndirmək, həmçinin gəlirlərin Ukraynaya axmasına imkan vermək məqsədi daşıyır.
Bu, ABŞ-da Rusiya oliqarxlarına məxsus sanksiyalar altında olan və müəyyən qanunsuz fəaliyyətlərlə əlaqəli əmlakın müsadirə edilməsi üçün Xəzinədarlıq və Ədliyyə Departamentlərinin cəlb olunduğu yeni, sadələşdirilmiş inzibati prosesdir.
Bundan əlavə, prezident cümə axşamı Konqresə Kiyevə əlavə hərbi yardım üçün müraciət göndərir. Bayden həmçinin aktivləri ələ keçirmək üçün xarici tərəfdaşlarla işləmək imkanlarını genişləndirməyi təklif edəcək. /AzVision.az
Bu xəbər üçün şərh yazın