Bayrağımızı təhqir edən 3 erməni futbolçu saxlanıldı – Cəzalandırılandan sonra deportasiya edilə bilərlər -VİDEO
"Laçın" sərhəd-keçid məntəqəsində vaxtilə Azərbaycan bayrağını təhqir etmiş 3 erməni saxlanılıb. Bu barədə "Trend" agentliyi məlumat yayıb.
Söhbət 2021-ci ildə qondarma “Martuni avo” komandasının “futbolçuları”nın meydana çıxarkən Azərbaycan bayrağını tapdalayaraq təhqir etmələrindən gedir. Həmin vaxt bu videogörüntülər geniş müzakirələrə səbəb olmuş və hiddət doğurmuşdu. İndi isə məlum olur ki, həmin komandanın “qəhrəmanları”ndan 3-ü sərhədi keçərkən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yaxalanıblar.
Qeyd edək ki, həmin vaxt Azərbaycan Baş Prokurorluğu sözügedən ermənilərə qarşı bayrağımızın təhqir edilməsilə bağlı 283.2.3 və 324-cü maddələr əsasında cinayət işi açmışdı. 3 erməninin yaxalanması da həmin cinayət işinə uyğun olaraq yerinə yetirilib.
Hüquq-mühafizə orqanlarından mətbuata sızan bəzi qeyri-rəsmi məlumatlara görə, bu erməni gənclər böyük ehtimalla, inzibati həbs cəzası alacaqlar. Belə ki, Azərbaycan tərəfi bundan öncə humanistlik göstərərək, əlində silah dövlətimizə və ordumuza qarşı cinayət törətməyən ermənilərə amnistiya tətbiq ediləcəyinə eyham vurmuşdu. Güman olunur ki, bu dəfə də həmin bu erməni “qəhrəmanları” gənc olmaları və peşmançılıq keçirdikləri üçün inzibati cəzaya məhkum edilərək, 10 günə yaxın saxlanıldıqdan sonra birdəfəlik Ermənistana deportasiya ediləcəklər.
Ancaq hər halda, bu 10 gün onların “tərbiyələndirici söhbətlərdən” sonra başlarından böyük səhv və qələt etdiklərini anlamaları üçün kifayət edəcək…/Azpolitika.info
Bu xəbər üçün şərh yazın