“BDU-da baş verən biabırçılıqlar...” – Ekspert Təhsil nazirinə çağırış etdi
“Himayəçilər Şurasına Rəhbərlik etdiyiniz Bakı Dövlət Universitetində nələrin baş verməsindən xəbəriniz varmı? Universiteti qohumbazlıq, traybalizm, kollektivə qarşı saymamazlıq, rektor ədabazlığı və ərköyünlüyü bürüyüb”.
Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil üzrə ekspert Etibar Əliyev Təhsil naziri Ceyhun Bayramova ünvanladığı məktubda yazıb. Etibar Əliyev bildirib ki, Baki Dövlət Universitetinin rektoru Elçin Babayev baldızı Ləman Hüseynbəylini həm özünə köməkçi, həm də "Ümumi şöbə"yə müdir təyin edib. “Mənə verilən məlumata görə Univerisiteti bu qadın və Tədris hissə müdiri, qohumu Elçin Məmmədov idarə edir. Elçin Məmmədov facebok-da troll qrupuna rəhbərlik edənlərdən biridir. Bacısının yoldaşı, vaxtilə polis işçisi olmuş Fikrət Heydərovu "Ümumi İşlər üzrə" müşavir vəzifəsinə təyin edib. Tələbə Gənclər Təşkilatının rəhbəri Nicat İsmayılov tələbələri dərsdən ayırmaqla "troll qrupuna" cəlb edib. Müavini Rəcəb Məmmədazadə onun bu işlərdə aktiv dəstəkçisidir. Həm də Babayevin yaxın sirdaşı Ləman Hüseynbəylinin sürücüsüdür. Mən bunların adını çəkməklə onları cəmiyyətə təqdim etmək istədim və məqsədim bu cür adamları tanıtmaqdır.
Belə nalayiq hərəkətlər Bakı Dövlət Uiversitetində heç vaxt baş verməyib və 100 yaşı tamam olan univeristetin tarixinə ləkədir”, - deyə İctimai Şuranın üzvü vurğulayıb..
Etibar Əliyev Təhsil nazirindən onun adına da ləkə gətirən bu cür hərəkətləri durdurmağı xahiş edib. “Bakı Dövlət Universitetində baş verən biabırçılıqlarla bağlı qısa müddətdə mövqeyinizi ortaya qoymağınızı Sizdən xahiş edirəm. Nəzərə alın ki, bu cür qeyri-mənəvi və qeyri-əxlaqi hərəkətlərə bilərəkdən 100 illikdə yol verilməklə Sizin də nüfuzunuza xələl gətirilir”, - deyə ekspeet əlavə edib./Yenisabah.az
Bu xəbər üçün şərh yazın