"Belə yol olar, asfaltı qara kürü bilib..." - FOTO+VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı Yol İstismar İdarəsinin sabiq rəisi, həmişə “doğrunun bağrını yarmaq üçün ucadan bağıran”, onu tənqid edən jurnalistləri məhkəməyə verən Şükür Astanov idarə rəhbərliyindən gedəndən sonra öz yerinə bacısı oğlu Zülfüqar Xəlilovu təyin etdirdi.
Bununla da Şükür bəy özünə məxsus, oğlunun adına təsis etdiyi “ORİON – E” MMC-nin də 6 saylı Yol İstismar İdarəsi ilə korruptiv işbirliyini davamlı, əbədi və dönməz etməyə çalışdı.
Qohumbazlıq əsaslı korrupsiyanın bariz təzahürü olan bu müəssisələr tandeminin işi yolun davamlı və keyfiyyətli olmasına yox, dövlət vəsaitini necə mənimsəməyə hesablanıb. Bunu Agentliyin sədri cənab Saleh Məmmədov yaxşı görür və nədənsə Şükür Astanovun yaxın qohumlarının yolun keyfiyyətindən oğurlamalarının qarşısını almaq istəmir.
Deryaz.az-ın redaksiyasına məlumat verən mənbə bildirir ki, 6 saylı Yol İstismarı İdarəsinin və podratçı şirkət “ORİON”-E MMC — nin Beyləqan rayonu Saru-Su kənd yollarını təmir adı ilə bərbad hala salmaları barədə mediada çoxdandır ki, video-materialların müşayiəti ilə məlumatlar yayılır. Sakinlər bildirirlər ki, MMC kənd üçün üstü bəzək, altı təzək bir yol çəkib. Belə ki, yol infrastrukturu prosesi həyata keçirilərkən yolun alt qatı qaşınıb (firezlənib) götürülür və bərkitmə işi aparıldıqdan sonra, şeben, çınqıl, qravil və sair komponentlərdən istifadə olunduqdan sonra üzərindən 12-15 sm asfalt qoyulur. Yol tikintisi zamanı yuxarıda qeyd edilən komponentlər ona görə vurulur ki, yolda çökmə olmasın. Lakin AAYDA-nın sevimli “ORİON-E” MMC-si yolun alt qatına şebel, qrabil, çınqıl (bərk materialdan) deyil, onların yerinə yerli ekosistemə zərər vurmaqla yaxın ərazidən qaşıtdıraraq daşıdığı torpaqdan istifadə edir. Hansı ki, yol infrastrukturu prosesi zamanı torpaqdan istifadə edilmir.
Bildirilir ki, eyni əliəyriliklərə Biləsuvar rayonunun Bağbanlar kəndinin yolunun çəkilişində də qol qoyulub. Şübhəsiz, məhz həmin qanunsuz mənimsənilmiş dövlət vəsaitinin hesabınadır ki, Şükür özü 550 min manata sonuncu model “Range Rover”, oğlu isə 200 min manatlıq “Pikap” avtomobilləri alıblar.
Haqlı sual doğur: 10 milyonluq ölkədə Şükür Astanovun işini davam etdirməyə onun oğlundan və bacısı oğlundan daha bacarıqlı mütəxəssislər tapılmırdılarmı?
P.S. Bu yaxınlarda əməkdaşımız İmişlidə olarkən Şükür Astanova məxsus olan asfalt zavodunun ətrafa buraxdığı qara tüstünün videosunu çəkib. Növbəti sayımızda həmin videonu və mövzunu davam etdirəcəyik
Bu xəbər üçün şərh yazın