Bəzi məntəqələrdə çəkilişə imkan verilmədi - Mətbuat Şurası
Saat 08:00-dan səsvermənin bitdiyi 19:00-dək növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə 4 müraciət daxil olub...
Müraciətlərdən 3-ü 57 saylı Kürdəmir seçki dairəsinin 3,5 və 20 saylı məntəqələri ilə bağlıdır. 1 müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. Müraciət edənlər “7news” saytının əməkdaşı Murad Musayev, “Ayna.az” saytının əməkdaşı Rumiyyə Miraslan, “Femida.az” saytının əməkdaşı Mircəlal Məcidov və “Mediapress.az” saytının əməkdaşı Könül Aypara olub. Hər dörd məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə operativ əlaqə saxlanılıb, qurumun araşdırmaları sonrası problemlər aradan qaldırılıb.
Bu barədə Teleqraf.com-a Mətbuat Şurasından daxil olan məlumatda bildirilib.
Qeyd edilib ki, Azərbaycan Mətbuat Şurasının (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri bu gün saat 08:00-dan 19:00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərib.
Məqsəd növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək olub. Şura gün ərzində “qaynar xətt”in fəaliyyəti ilə bağlı 3 informasiya yayıb.
Mətbuat Şurası bildirir ki, ümumən jurnalistlərin seçkini işıqlandırmaları sahəsindəki vəziyyət onların peşə fəaliyyətlərini həyata keçirmələri üçün qənaətbəxş şəraitin olduğunu söyləməyə əsas verir:
“Bunu sosial şəbəkələrdə və internet saytlarda yayımlanmış video-görüntülərin çoxluğu sübut edir.
Lakin onu da bildirmək lazımdır ki, bəzi seçki məntəqələrində jurnalistlərə çəkiliş aparmağa imkan verməmək halları özünü göstərib. Mövcud xüsusda media təmsilçiləri ilə gərəksiz mübahisələr, onların işinə yersiz müdaxilələr qeydə alınıb. Çox zaman, bu, məntəqə rəhbərliyindəki şəxslərin media ilə münasibəti düzgün qurmaq sahəsində yetərincə səriştəyə malik olmamasından irəli gəlib.
Mətbuat Şurasının müşahidələri eyni zamanda onu da müəyyənləşdirib ki, bəzi hallarda jurnalistlər də üzərilərinə düşən missiyanı düzgün yerinə yetirməyiblər.
Belə ki, onların qanunsuz kimi qiymətləndirdikləri vəziyyətlərə müdaxilə, mübahisə, jurnalist etikasından kənar münasibət, çağırış halları qeydə alınıb. Halbuki həmin durumlarda jurnalistin vəzifəsi vəziyyəti işıqlandırmaq, konkret sual verib cavab almaq idi”.
Bu xəbər üçün şərh yazın