"Bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə" - Prezident İlham Əliyev
Ermənistanda növbəti mif onların dırnaqarası “sərkərdələri” ilə bağlı idi. Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər.
Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz?
Report.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən söyləyib.
“Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə. Siz fərarisiniz, qorxaqsınız. Biz sizi məhv etmişik. Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı. Dovşan kimi qaçmışdılar. Biz onları məhv etmişik. Onların dırnaqarası “qəhrəmanlarını”, “Artsax”, olmayan “Artsax” qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər. Necə ki, vaxtilə Xocalını işğal edəndə burada demək olar ki, onlara müqavimət göstərən qüvvə yox idi, mülki vətəndaşlar idi. Bax, bu evlərdə yaşamış mülki vətəndaşlar idi və aprel ayında hələ burada qarlar əriməmişdi, onların böyük hissəsi burada həlak oldu. Onlar buradan Gəncə istiqamətinə, o Murov dağının üstündən, Ömər aşırımından keçərkən onlara pusqular qurdular. Onları – uşaqları, qadınları, qocaları qətlə yetirdilər. Onlar məcbur olub ayaqyalın, qarlı-şaxtalı havada Ömər aşırımından keçərək, on kilometrlərlə yolu qət edərək buradan çıxmalı idilər. Bir çoxları da yolda qaldı, dondu, öldü. Bu, erməni vəhşiliyidir. Biz vəhşiləri məğlub etdik. Biz bölgəni vəhşilərdən, faşistlərdən xilas etdik. Bunu heç kim heç vaxt unutmamalıdır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Bu xəbər üçün şərh yazın