Biz birlikdə güclüyük
“İnanıram ki, mənimaxıra çatdıra bilmədiyim taleyüklü məsələləri,planları, işləri İlham Əliyev başa çatdıra biləcək”Ulu Öndər Heydər Əliyev
Qürurluyuq ki, yaşı minilliklərlə ölçülən dövlətçilik tariximiz, tarix yazmağı bacaran şəxsiyyətlər yetişdirən xalqımız var. Böyük dünyanın xəritəsində kiçik bir hissəni tutan Azərbaycanımız bayrağını bayraqlar sırasında dalğalandıran, imzasını imzalar arasında yazan, səsini bütün dünyaya yayan dahi liderlər yetişdirməyi bacardı.
Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin idarəsinin möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ixtiyarında olması hər birimizin xoşbəxtliyimizin və şanslılığımızın səbəbidir. Xüsusilə biz gənclərə bu xoşbəxtlikdən daha çox pay düşür.
Bir Azərbaycanlı gənc olaraq mənim həyatım bütünlüklə Prezidentimiz cənab İlham Əliyevin hakimiyyəti illərinə düşür. Ölkə başçımız bizim firəvan, sağlam yaşamağımız, rahat təhsil almağımız üçün əlindən gələni əsirgəməmiş, hər zaman bizlərə diqqət və qayğı ilə yanaşmışdır. Baxmayaraq ki, mən düşmən tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış, məcburi köçkün həyatı sürməyə məcbur olmuş və müharibənin dağıntılarının, dəhşətlərinin şahidi olan bir rayonun- Füzuli rayonunun sakiniyəm, mən rahat yaşaya, təhsil ala, nailiyyətlər əldə edə bildim. Mən və mənim kimi minlərlə gənc bu yolu ona görə keçə bildik ki, bizi qoruyan, qayğı göstərən, hər zaman diqqətində saxlayan dövlətimizə arxalandıq. Qarşımıza çıxan hər bir çətinlikdə Ölkə başçımız bizə dəstək verdi, güvənc yerimiz oldu.
Ödənişli fakultələrdə təhsil alan, keçmiş məcburi köçkün rayonundan olan tələbələrin təhsih haqqının dövlət tərəfindən ödənilməsi bu tələbələrin özlərinə və ailələrinə olan böyük maddi və mənəvi dəstəkdir.
Müasir tariximizin son 18 ilinə nəzər salsaq ölkəmizin bütün sahələrdə sürətli inkişafının şahidi olarıq. Həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə əldə olunan uğurlar bizi Qələbəyə aparan əsas amillər oldu. Prezidentimizin sözləri ilə ifadə etsək, əgər güclü iqtisadiyyatımız olmasaydı Qələbə qazana bilməzdik.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusu böyük Zəfər qazandı. Bu Zəfər nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız işğaldan azad edildi. Dövlətimizin öz gücü sayəsində tarixi ədaləti bərpa etdi və illərlə kağız üzərində qalan beynəlxalq qətnamələrin icrasını təmin etdi.
Bu bir həqiqətdir ki, qələbələr təsadüfən qazanılmır. Azərbaycanın bu Qələbəsi ölkə başçımızın düşünülmüş, məqsədyönlü siyasətinin, mükəmməl diplomatik uğurlarının, düzgün planlaşdırılmış hərbi siyasətinin nəticəsi idi. Prezident İlham Əliyev hakimiyyəti dövründə Azərbaycanda xalq-ordu-rəhbər birliyinin ən gözəl nümunəsini yaratdı. Və bu birlik daha da möhkəmlənərək dəmir yumruğa çevrildi və düşmənin başını əzdi.
Bu gün artıq işğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən geniş tikinti-quruculuq və bərpa işləri aparılır. Əlbəttə ki, bu işlər böyük maliyyə vəsaiti tələb edir. Aparılan işlərin miqyası və sürəti dövlətimizin iqtisadi gücünün, potensialının nəticəsidir.
Mən bir azərbaycanlı gənc olaraq, öz dövlətimlə və Prezidentimlə fəxr edirəm. Bir tələbə olaraq, rahat və yüksək səviyyəli təhsil almağımıza göstərdiyi maddi və mənəvi dəstəyə görə, bir Füzuli sakini olaraq, doğma Füzuli şəhərini və kəndlərimizi işğaldan azad etdiyinə görə, Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm can sağlığı və xoşbəxtlik arzu edirəm. Biz gənclər Sizə güvənir və Sizinlə qürur duyuruq, cənab Prezident !
Jalə Eyvazova,
ADU II kurs tələbəsi
Bu xəbər üçün şərh yazın