"Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq" -

"Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq" - QALMAQAL

2020-ci il oktyabrın 4-ü...

Əziz Əliyev dalan, 9 saylı evə düşmənin atdığı raketlərdən biri bu ünvana düşür. Evdə olan 6 nəfər müxtəlif dərəcəli xəsarət alır. V.Əliyeva isə bir gözünü və dişlərini itirir. Prezidentin II Qarabağ Müharibəsi zamanı dinc sakinlərə dəyən zərərin ödənilməsi ilə bağlı tapşırığına baxmayaraq, Gəncə İcra Hakimiyyəti bu ailəni görmməzdən gəlməyə üstünlük verib.
“Vəziyyətimiz yaxşı olmadığı üçün yaxınlarımız bizi Bakıya apardılar. Müalicəmiz Bakı şəhərində aparıldı. Gəncəyə qayıtdıqda isə dağılmış evimizdə yaşamalı olduq”.

V.Əliyevanın sözlərinə görə, digər evinə raket düşmüş şəxslərə icra hakimiyyəti yardım etsə də, onlar üçün ayrılmış 6 min manat birdəfəlik yardım və adambaşına ayrılan 1500 manat ailəyə verilmir.

Qadın qeyd edir ki, dəfələrlə icra hakimiyyətinə və digər qurumlara, millət vəkili Naqif Həmzəyə məsələ ilə bağlı müraciət etsə də, müraciətləri cavabsız qalıb. Çarəsiz qadın səsinin eşidilməsi üçün video müraciətlər hazırlayaraq, sosial şəbəkədə yayınlayır ki, bəlkə səsinə kimsə səs verə.

Digər tərəfdən isə, V. Əliyeva qəribə bir hadisə ilə üz-üzə qalıb. Dediyinə görə, İcra Hakimi Niyazi Bayramov bu 9 ay müddətində ailəyə cəmi 2000 manat pul ödəyib və onların dilindən razılıq məktub alıb:

“Bizi otağa saldılar. Gözüm görmür, yoldaşım da yeni əlifbanı bilmir. Oğluma qol çəkdirdilər. Guya ki, biz icra hakimindən razıyıq. Halbuki, icra hakimiyyəti bizim üçün ayrılan 15 min manatdan cəmi 2 min manat pul verib bizə. Mənim iş yerim də evimdə idi. Salon və şirniyyat sexim vardı. Onlar da dağılıb. Hazırda göy çadırın altında yaşayırıq. Səsimizi isə eşidən yoxdur”.

V. Əliyeva iddia edir ki, artıq Gəncə şəhərində yaşamaq onun ailəsi üçün təhlükəlidir.

Məsələ ilə bağlı Gəncənin millət vəkili Naqif Həmzə ilə əlaqə saxladıq. Millət vəkili məsələdən xəbərdar olduğunu bidirib:

“Adətən zərərçəkənlər Gəncədə müalicə alırdı. Bunlar isə Bakıya getmişdilər və müharibə bitəndən sonra gəldilər. Onlarla qurumlar arasında nə mübahisə varsa, özləri daha yaxşı bilir. Qurum bir məbləğ təklif edir, ailə razılaşmır. Daha çox vəsait istəyir. Ailə ilə qurum dil tapa bilmir. Mən şəxsən qəbul etmişəm. Prosedurları başa saldım. Ailə onlara təklif edilən məbləğlə razılaşmır. Çünki o vəsait onlara çatmır. Onların təkcə yolu məhkəmədir. İcra qurumu pul verdiyini deyir, ailə isə əksini iddia edir”.

Millət vəkili onu da qeyd edib ki, hadisə baş verəndən sonuna qədər Gəncədə olub və dəstək verib:

“Xanımın narazılığı aidiyyatı qurumlardandır. İcra hakimiyyətinin də mövqeyini öyrənin ki, ədalətli olsun. Mən müstəqil fəaliyyət göstərən millətvəkiliyəm. Siz sorğu göndərin ki, sabah problem olmasın. Çünki onların da müəyyən qədər haqqı var. Ailə də haqlıdır, amma qanunvericilik də var. Hər iki tərəf də haqqlıdır, hər iki tərəf də narazı. Mən bu vətəndaşla bağlı hər yerə müraciət etmişəm”.

Məsələ ilə bağlı Gəncə İcra Hakimiyyətinə sorğu göndərmişik. Cavab verildikdən sonra onu da oxuculara təqdim edəcəyik.

P.S. Son zamanlar Gəncədən edilən şikayətlərin sayı durmadan artır. Və nə qədər qəribə olsa da, Bakıya gəlib çatan şikayətlər müxtəlif yollarla ört-basdır edilir.

V.Əliyeva məsələsinə gəldikdə isə, şikayətçi qadın ona ölkə başçısı tərəfindən ayrılan konpensasiyanın verilmədiyini iddia edir.

Biz İcra Hakimiyyətinin də rəyini öyrənməyi çox istərdik, amma görünən odur ki, icra hakimiyyətində müəyyən şəxslər qurumdan edilən şikayətləri qulaqardına vurmağa üstünlük verir. Ya da, Gəncədə baş verənlər, edilən şikayətlər icraçı qurum üçün əhəmiyyət daşımır.

“Necə olmasa da, Bakıdan uzağıq, kimdir bu şikayətləri duyan, eşidən, bilən, inanan” deyib öz işlərinə davam edirlər. Bu yerdə istər-istəməz yada dəvəquşları haqqında mif düşür. Deyilənə görə, dəvəquşları hər zaman başlarını kol-kosa, torpağa soxur və elə zənn edirlər ki, onları kimsə görmür... Amma biz görürük. Gəncə Bakıdan daha yaxşı görünür.

Qeyd edək ki, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.

Bizimyol.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi