BORİS CONSON GERİ QAYIDIR – Kremlin sevinci çox çəkmədi
İngiltərə tarixində Baş nazir postunda keçirdiyi günlərin sayına görə antirekorda (45 gün) imza atmış Liz Trassın istefa qərarı kifayət qədər gözlənilməz oldu.
O mənada ki, Trass bütün tənqidlərə və uğursuzluqlara rəğmən, əgər istəsəydi, hələ bir il müddətinə qədər öz vəzifəsində qala bilərdi...
Məlumat üçün qeyd edək ki, bundan öncəki antirekord 1827-ci ildə Böyük Britaniyanın Baş naziri olmuş Corc Kenninqə aiddir. Vərəm xəstəliyindən dünyasını dəyişmiş Kenninq cəmi 119 gün Baş nazir vəzifəsini icra edə bilmişdi.
Qərbdə Trassın istefasını bir neçə səbəblə izah etsələr də, bunların başında gələn əsas səbəb onun maliyyə-iqtisadi sahədəki uğursuz siyasətidir. Qısa müddətdə funt-sterlinqin dəyər itirməsi, Mərkəzi Bankın bunun qarşısını almaq üçün bazara müdaxilə etməyə məcbur olması, nəticədə inflyasiyanın kəskin şəkildə artması, eləcə də Trassın seçki öncəsi vəd etdiyi vergi güzəştlərini reallışdıra bilməməsi onun reytinqini rekord həddə aşağı salıb. Bunu təkcə rəqib Leyboristlər Partiyası deyil, Trassın təmsil olunduğu Mühafizəkarlar Partiyasının elitası, parlamentdəki millət vəkilləri və nəhayət, hökumətdəki nazirlər də görürdülər. Bu səbəbdən də nazirlər bir-bir istefa verməyə başladılar.
İlk olaraq, Trass özü təyin etdiyi Maliyyə nazirini dəyişdi. Lakin bu dəyişiklik əks-effekt verdi, çünki yeni nazir Trassın vədlərinin əksinə olaraq, vergi güzəştlərinin qətiyyən mümkün olmadığını bəyan etdi. Ardınca, Ticarət naziri Koron Berns istefa verdi. Ən səs-küylü istefa qərarı isə Daxili İşlər naziri xanım Suella Bravermandan gəldi. Beləliklə, hökumətdəki ard-arda istefa qərarları, eləcə də istər partiya daxilində, istərsə də cəmiyyətdəki narazılıqlar Baş nazirin belə tezliklə vəzifəsindən ayrılmaq qərarı verməsinə səbəb oldu və son çıxışında Trass özü də Baş nazir vəzifəsinin öhdəsindən gələ bilmədiyini etiraf etdi.
Maraqlıdır ki, Liz Trassın istefa qərarına onun İngiltərədəki rəqiblərindən daha çox Rusiyanın təbliğat kanalları, məlum aparıcılar, jurnalistlər və Dmitri Medvedev kimi “dahi” siyasətçilər sevinir, az qala bunu bayram edirlər. Bu da təbii ki, Trassın qatı anti-Rusiya mövqeyi və Ukraynaya birmənalı dəstəyilə bağlıdır.
Lakin məsələ ondadır ki, istənilən halda Böyük Britaniyada növbəti parlament seçkiləri yalnız 2025-ci ildə keçiriləcək və həmin müddətə qədər hökuməti Mühafizəkarlar Partiyası formalaşdıracaq. Bu partiyanın Rusiya-Ukrayna savaşı ilə bağlı mövqeyi isə məlum və dəyişməzdir. Böyük Britaniya qanunvericiliyinə görə, yalnız Baş nazirin qərarı ilə növbədənkənar seçki keçirilə bilər. Bu da yaxın gələcəkdə gözlənilən deyil. Həmçinin, o da məlumdur ki, mühafizəkarların əsas rəqibi olan leyboristlər də Ukraynaya birmənalı dəstək siyasətinə üstünlük verirlər.
Odur ki, Rusiyadakı hakim dairələrin və onların təbliğatçılarının Trassın istefasını toy-bayram etməsi tragikomik təsir bağışlayır. Ən maraqlısı və hətta gülməlisi isə odur ki, Trassın yerinə seçiləcək yeni Baş nazir hamının, o cümlədən də rusların çox yaxşı tanıdığı, Ukraynanın ən qatı və qətiyyətli tərəfdarı olan sabiq Baş nazir Boris Conson ola bilər. O Conson ki, müharibənin ilk günlərində Kiyevə səfər etdi və bir tərəfdən Ukraynaya böyük hərbi-siyasi, həm də mənəvi-psixoloji dəstək verdi, digər tərəfdən isə tərəddüd içində olan müttəfiq dövlətlərin Ukraynaya hərtərəfli dəstəyinin təşkilində və bunun tezliklə reallaşmasında həlledici rol oynadı. Bir sözlə, Ukraynanın ən ağır günlərində dözüm, qətiyyət göstərərək, təslim olmamasında və onun sonrakı müqavimətinin təşkilində Consonun danılmaz əməyi oldu.
Mühafizəkarlar Partiyasının parlamentdəki təmsilçiləri arasında keçirilən son rəy sorğuları göstərir ki, Böyük Britaniyanın yeni Baş nazir postuna namizədlər sırasında Boris Conson ən yüksək reytinqə malikdir. Yeni namizədlər isə bundan əvvəlki seçkidə Trassa məğlub olan sabiq Maliyyə naziri Rişi Sunak, eləcə də sabiq Müdafiə naziri xanım Penni Mordont və hazırkı Müdafiə naziri Ben Uollesdir. Lakin son anda Uolles öz namizədliyini verməyəcəyini bəyan edib. Bu da azmış kimi, bildirib ki, Consonun namizədliyini dəstəkləmək fikrindədir. Onu da xatırladaq ki, ötən seçkidə də Uolles namizədliyini verməkdən imtina etmişdi. Üstəgəl, son məlumata görə, Trass hökumətində təmsil olunan nazirlər də Consona üstünlük verirlər. Məsələn, Sahibkarlıq məsələləri üzrə nazir Ceykob Riss-Moq Consonun namizədliyini dəstəklədiyini bəyan edib. Bütün bunlar onun Baş nazirlik perspektivini xeyli artırmış olur.
İngiltərə mətbuatı yazır ki, Trassın istefa qərarından sonra Boris Conson Karib adalarında keçirdiyi istirahətini yarımçıq qoyaraq, ölkəyə qayıtmaq qərarı verib. Onun artıq sabah partiyadakı tərəfdarları ilə yeni seçki kampaniyası çərçivəsində ilk görüşü gözlənilir. Conson artıq parlamentdəki partiya üzvlərinə müraciət edib və onu dəstəkləmələrini xahiş edib. Sabiq Baş nazir bildirib ki, Mühafizəkarlar Partiyasının növbəti seçkiyə layiqli şəkildə hazırlaşması və uğurlu nəticə əldə etməsini yalnız onun baş nazir postunda olması təmin edə bilər. Conson partiyadakı əsas rəqibi Rişi Sunaka da müraciət edərək, ona birgə işləməyi və əvvəlki kimi onun hökumətində yer almağı təklif edib.
Beləliklə, gələn həftənin birinci günü seçkiyə qatılmaq hüququ olan namizədlərin kimliyi bəlli olacaq. Bunun üçün onlar parlamentdəki 360 mühafizəkar parlament üzvündən azı 100 nəfərinin səsini almalıdırlar. Oktyabrın 28-də isə artıq Trassı əvəz edəcək Baş nazirin kimliyi bilinəcək.
Əgər Boris Conson bu seçkini qazansa, hər zaman öz kumiri hesab etdiyi Uinston Çörçilin uğurunu təkrarlamış olacaq. Belə ki, İngiltərə tarixində bir nəfərin təkrar Baş nazir seçilməsi faktı cəmi iki dəfə qeydə alınıb. Bunlardan birincisi Uinston Çörçil, ikincisi isə leyborist Harold Uilson olub./AzPolitika.info
Bu xəbər üçün şərh yazın