Boris Conson Qərbi uzunmüddətli müharibəyə hazır olmağa çağırdı
“Ukraynadakı münaqişə illərlə uzana bilər, lakin Qərbin Kiyevi dəstəkləmək əzmi zəifləməməlidir”.
Report.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson “The Sunday Times” qəzetinin saytında dərc olunmuş məqaləsində bildirib.
Britaniya hökuməti başçısının fikrincə, Rusiya hakimiyyətinin “taqətdən salma kampaniyasına əl atdığı” üçün Qərb “uzun müharibəyə hazır olmalıdır”:
“Böyük Britaniya və bizim dostlarımız Ukraynanın vəziyyətdən çıxmaq və zamanla qalib gəlmək üçün strateji gücə malik olacağına zəmanət verməklə cavab verməlidirlər”, - B.Conson yazıb.
Eyni zamanda o, Qərb dövlətlərinin Ukraynanı dəstəkləmə yollarından danışaraq ölkənin dağılmış infrastrukturunun bərpası üzrə layihələrdə iştiraka diqqət çəkib: “Biz Ukrayna dövlətinin canlılığını saxlamalıyıq. Prezident Volodimir Zelenski hökuməti maaşları ödəməli, məktəbləri saxlamalı, humanitar yardım çatdırmalı və mümkün olan yerlərdə yenidənqurma işlərinə başlamalıdır. Bunun üçün davamlı maliyyə və texniki yardım tələb olunacaq ki, biz bunu bir neçə il qabaqcada planlaşdırmalıyıq”, - Britaniyanın baş naziri bildirib.
Bu xəbər üçün şərh yazın