Brilliantdan Rafael Dadaşov haqqında iddia: “Səni yaxşı müalicə etmədilər” — FOTO
“Mənim göyçək, yaraşıqlı əmimoğlu - Rafael Dadaşov. Bizdən ayrılmağının 40 günü də tamam oldu. Gözümü açandan səni belə yaraşıqlı, düzgün və zəhmətkeş gördüm”.
Bu sözləri Xalq artisti Brilliant Dadaşova mərhum əmisioğlu, Xalq artisti və “Şöhrət” ordenli aktyor Rafael Dadaşov haqqında xatirələrini sosial media hesabında bölüşərkən yazıb.
Brilliant yazdığı statusda 40 gün əvvəl dünyasını dəyişən əfsanəvi sənətkar R.Dadaşov ilə bağlı müəmma doğuran iddia irəli sürüb:
“Sənin qoxun indi də burnumdan getmir. Heyif, sən xəstəxanaya düşəndə Bakıda olmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Can sağlığınla, xəstəliyinlə öz verilişlərində reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incik düşüb, səni yaxşı müalicə etmədilər.
Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər.
Türkiyədən qayıdıb səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir.
Yerinin cənnət olmasını Allahdan diləyirəm. Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu”.
Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. Mərhum sənətkar R.Dadaşov 16 mart tarixində vəfat edib./oxu.az
Bu xəbər üçün şərh yazın