Britaniyada petisiya başladılıb- ABŞ-ın İrana qarşı sanksiyalarının aradan qaldırılması tələbi ilə
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması tələbi ilə Böyük Britaniyada petisiya başladılıb.
Azərtac İRNA xəbər agentliyinə istinadla xəbər verir ki, qısa müddətdə elektron imza ilə petisiyaya 1187 nəfər qoşulub. Petisiyada toplanan imzalar Böyük Britaniyanın parlamentinə təqdim ediləcək.
Böyük Britaniyanın qanunlarına görə, əgər imzaların sayı 10 minə çatarsa parlament bu məsələyə münasibət bildirməlidir. Əgər imzaların sayı 100 minə çatarsa onda petisiyada qaldırılan problem parlamentin müzakirəsinə çıxarılmalıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniya parlamenti ABŞ administrasiyasına müraciət edərək koronovirusun geniş yayılması və çox təhlükəli həddə çatması ilə əlaqədar İrana qarşı sanksiyaları aradan qaldırmağı xahiş edib.
Qeyd edək ki, koronovirusun İranda geniş yayıldığı bir zamanda ABŞ yeni sanksiyalar tətbiq edərək 24 hüquqi şəxsin adını sanksiyalar siyahısına əlavə edib. ABŞ-ın bu addımı dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Bu xəbər üçün şərh yazın