Britaniyanın məşhur nəşri:“Donald Tramp Amerikanın üzqarasıdır” – Təhlil

Britaniyanın məşhur nəşri:“Donald Tramp Amerikanın üzqarasıdır” – Təhlil 

The Guardian (Böyük Britaniya), 14.02.2018Redaksiya məqaləsi ABŞ-ın 45-ci prezidenti olmuş Donald Trampın and mərasimindən, demək olar, bir il keçib. O daha bir il işləyə biləcəkmi? Tramp 2017-ci il yanvarın 20-dən tutduğu ABŞ prezidenti vəzifəsinə yararsızlığının yeni sübutlarını sərgiləyib.

Məsələ təkcə onda deyil ki, onun, misalçün, vergiqoyma, iqlim dəyişikliyi, Fələstin və nüvə silahı kimi məsələlərdə siyasəti və strategiyası fəlakətli şəkildə yanlışdır.

Məsələ təkcə onda deyil ki, onun liderlik anlayışı qarşıdurmalı və məsuliyyətsizdir. Və başlıca problem təkcə onun aşkar irqçiliyi, qadınsevməzliyi və şovinizmindən ibarət deyil, amma onun bu səciyyələri həqiqətən də ciddi problem ifadə edir.

Onun inkişaf etməkdə olan ölkələrin “murdar dəliklər” olduğu haqda kobud ifadəsi hətta onun özünün bəsit standartları ilə də qorxuncdur. Trampın prezidentliyini xarakterizə edən təməl çatışmazlıq onun höcət cahilliyidir.Onun əksərən şıltaq, uşaqcasına davranışı sarıdıcı kəmsavadlıq və silsilə, xroniki yanlış mülahizələr doğurmaqla faktlara nifrətli münasibətilə çulğaşır. Trampa etibar etmək olmaz. O, daim ürəyiyanmaq bacarıqsızlığı, sırtıq yalançılıq, həyasızlıq, müdafiə etməyə and içdiyi insani və yasal dəyərləri qorumaqda tam laqeydlik sərgiləyir. Tramp ABŞ-ın bu cür birinci və ümid edək ki, sonuncu prezidentidir – ABŞ-ın antiamerika prezidentidir. O öz ölkəsi üçün üzqarası və təhlükədir. Onu istefaya nə qədər tez göndərsələr, bir o qədər yaxşıdır. Amerikalılar onun Ağ Evdə əttökən varlığına hələ nə qədər dözəcəklər? Onun səlahiyyət müddəti ikinci müddətə seçilməyə səy edə biləcəyi 2020-nin noyabrında bitir. Amma onun prezidentliyi ilə bağlı problemlər həll olunmur, ancaq dərinləşir. Onun ziyanlı və tamamilə qəbuledilməz söz və hərəkətlərinin qidalandırdığı və erkən istefasına səbəb ola biləcək ssenarilər silsiləsi indiki anda tədricən genişlənir.

Birinci ssenari – demokratik baxımdan daha məqbulu – bundan ibarətdir ki, elektorat Trampı sadəcə rədd edəcək. İctimai rəy sorğularının nəticələrinə inanılsa, bu proses artıq gedir. Trampın populyarlıq reytinqi keçən il ortalama 40%-i aşmırdı – Amerika prezidenti üçün qeyri-populyarlığın rekord səviyyəsi. Lakin “Pew” analitik mərkəzinin dekabrda apardığı araşdırmaların nəticələri daha səciyyəvi olub və Trampın “bazası”nın, yəni tərəfdarlarının onun gündəlik səhv və yanılmalarına korazehin yanaşdığı haqda mifi dağıtmağa imkan verib. Seçkilərdə ona səs vermiş tərəfdarların – ağdərili kişilər, protestantlar, yaşı 50-i keçən və ali təhsili olmayan adamlar – əsas qruplarında dəstək səviyyəsi əsaslı şəkildə azalıb. Eyni zamanda, Gallur institutu araşdırmasının göstərdiyi kimi, özünü “müstəqil” adlandıran, heç kimi müdafiə etməyən seçicilərin payı 42%-ədək çoxalıb.

Trampın populyarlıq səviyyəsinin düşümü Virciniya və Alabamada sarsıdıcı məğlubiyyətlərdə bəlirlənib. Hesab olunur ki, Trampın ağdərili seçiciləri arasındakı qəzəb və məyusluq, həmçinin Afika amerikalılarının rekord iştirakı həlledici amil olub. Bütövlükdə ölkə üzrə getdikcə daha çox görünür ki, Trampa dəstək səviyyəsi sürətlə düşür. Monmut universitetinin keçən ilin avqustunda keçirdiyi sorğunun nəticələrinə əsasən, Trampınn seçicilərinin 61%-i bildirib ki, heç nə onları ondan üz çevirməyə vadar edə bilməz. Dekabrda keçirilən sorğu göstərib ki, Trampa sadiq bu cür seçicilər cəmi 37% qalıb. Aydındır ki, Trampın həqiqətən durumu dəyişməyə qabil olduğuna inanan sadə seçicilərin çoxu indi dilxorluq və ikrah hiss edir.

Analitik mərkəzlər və ekspertlər Konqresə seçkilərin nəticələrinə sürəkli  diqqət yetirirlər. Proqnozlar “zəhərli” Trampdan şok imtinaya işarə edir – Alabamadakı uğursuzluq bütün ölkəboyu təkrarlanır. Respublikaçılar Partiyası mötədil respublikaçıların çoxunun təqaüdə çıxdığı Təmsilçilər Palatası üzərində nəzarəti itirə bilər, onların Senata nəzarəti isə antitramp sunamisinin təpgisi altında əsaslı şəkildə zəifləyə bilər. 1950-ci ildən bəri hələ heç bir partiya onun prezidentinin təqdir reytinqi 40%-dən aşağı olarkən Konqres üzərində nəzarəti saxlamağa nail olmayıb. Seçicilərdən alçaldıcı sillə Konqres üzərində nəzarəti itirməklə yanaşı Trampın prezidentliyinə son qoya bilər – onu yaralı, qalan respublikaçılar tərəfindən atılmaq və biabırçı bircə prezidentlik müddətinə məhkum etməklə. Bu arada hazırda Trampın karyerasının siyasi qürubuna səbəb ola biləcək daha bir ssenari genişlənir. 2016-cı ildə Trampın silahdaşlarıyla Rusiya agentləri arasında ehtimal edilən uzlaşmanın federal təhqiqatının prezidentin özünü nüfuzdan salıb-salmayacağını hələlik heç kim bilmir. Lakin Trampın FTB-yə təpgi verməklə bu büronun direktoru Ceyms Komini işdən çıxardaraq ədalətə mane olmaq cəhdləri haqda bəyanatlar, hər şeydən göründüyü üzrə, əsassız deyil və onun prezidentliyi üçün qaçılmaz ola bilər. Özəl prokuror Robert Müller Trampın and altında formal istintaqını keçirməyi təklif edir.

Lakin hələ hər şey itirilməyib. Trampın tərəfdarları uğurlar silsiləsi adlandırdıqlarına işarə edirlər. Onlar fond bazarlarında canlanma, 2 milyon iş yerinin yaradılması və radikal vergi islahatına isnad edirlər. İddia edirlər ki, Tramp İŞİD üzərində qələbə çalıb – hərçənd belə deyil – və qeyri-leqal mühacir axınını azaldıb. ABŞ iqtisadiyyatının indi “əla formada” olduğunu sayan amerikalıların sayı 2016-cı ilin nioyabrındakı 2%-dən 18%-ədək artıb. Amerikalıların haradasa 48%-i hesab edir ki, ABŞ iqtisadiyyatı hazırda “yaxşı” formadadır – 2016-nın noyabrında yalnız 11 % bu cür cavab verib. Ola bilsin, Trampın “Amerikanı yenidən böyük etmək” vədi bu ölçülər üzrə bəhrə verməyə başlayır və ehtimal ki, bu, onun seçici bazası tərəfindən dəstək səviyyəsinin düşmə sürətini  bir qədər azalda bilər.

Mühafizəkarlar həmçinin Trampın Amerikanı öz iradəsinə tabe etmək qabiliyyəti olmayan bacarıqsız siyasətçi olduğu haqda bəyanatları təkzib edən bir sıra zəfərlərə işarə edirlər. Onun administrasiyası Obama-Klinton mirasına bir çox cəbhələrdə güclü zərbələr vurur. Təbiəti mühafizə idarəsinin başçısı Skott Pryuitt ABŞ ətraf mühiti mühafizə Nazirliyinin faktiki olaraq içalatını söküb, böyük sayda müşavir və alimləri işdən çıxarıb.

O, Obama dövründə su, iqlim, çirklənmə və s.-ə dair qəbul edilmiş xeyli qanunu ləğv etmək niyyətindədir. Ətraf mühitin mühafizəsi üzrə əvvəlki qanunlardan əsil tonqal qurublar, əvvəllər zəhərli sayılan kimyəvi maddələr üzrə yeni normalar isə ardıcıl şəkikldə yumşaldılır.

Prezident əsasən ağdərili mühafizəkar kişiləri federal apellyasiya və dairə məhkəmələrinə hakim vəzifəsinə təyin edir. Halbuki Ali Məhkəmədə ildə cəmi bir neçə işə baxılır, Amerikanın cinc, irq, məşğulluq və münasibətlər məsələlərində kursu məhz bu daha aşağı instansiyalarda müəyyən edilir.

Bu arada daxili işlər naziri Rayan Zinke Amerika milli qoruqlarının sayının azaldılmasıyla məşğul olub. Yutada Bears EarsGrand Staircase-Escalanteqoruqlarınn bir qismi tez bir zamanda bu torpaqlarda faydalı qazıntılar hasilaltı və başqa sənaye fəaliyyəti üçün əlyetən olacaq. (Uran hasilatıyla məşğul olan Energy Fuels şirkəti Trampı Bears Ears qoruğunun bir hissəsini açmağa inandırıb, çünki bu ərazidə uranla zəngin yataqlar yerləşir.)

Bundan başqa, hazırda Təhsil Nazirliyində Betsi Devosun başçılığı ilə sakit inqilab genişlənir, prezidentliyə keçmiş namizəd, hazırda mənzil inşaatı nazirinin müavini postunu tutan Ben Karson isə ucuz mənzil inşaatına xərcləri azaldır. Bütün bunlar mühafizəkarları Ağ Evin başçısı postunda dözülməz Trampla barışmağa məcbur edən qələbələri ifadə edir.

Trampın prezidentliyinin ilk 12 ayı dayanıqlı tərəqqi deyil, xaos təəssüratı yaradır. Maykl Volfun özünün yeni “Atəş və hiddət” (Fire and Fury) kitabında yazdığı kimi, qəzəb qığılcımları, göz yaşları və irrasional quduzluq Ağ Evdə dönüşən realiti-şou səhnəsində üstünlük təşkil edir. Tramp milli səhnədə mühacirət və irqlər məsələsində ifrat dözümsüzlük sərgiləyib. Ən aşağı nöqtə – digər xeyli aşağı nöqtələr içində – onun Virciniya ştatında Şarlotsvilldə ağ irqçilər hərəkatına pis pərdələnmiş dəstəyi olub.

Tramp beynəlxalq arenada Şimali Koreya ilə nüvə müharibəsi ehtimalını böyüdüb, iqlim üzrə Paris sazişindən çıxaraq bütün dünyanı çaşdırıb, Qüds ətrafında durumla bağlı BMT-i təhqir edib və hədələyib, İranın nüvə proqramı üzrə 2015-ci ilin əlamətdar sazişinin gerçəkləşməsini pozmaq üçün mümkün hər şeyi edib və Suriya, Yəmən, Cənubi Sudan və Əfqanıstanada qan axıdılmasını dayandırmaq üçün, demək olar, heç nə etməyib. Hətta ABŞ-ın Avropadakı dostları və müttəfiqlərinə nifrətlə yanaşıb və Çin, Rusiya və Yaxın Şərqin avtoritar liderlərinin rəğbətini qazanmağa çalışıb. Böyük Britaniyaya münasibətdə iltifat və açıq sayğısızlıq sərgiləyir, onun fevrala Londona planlaşdırılan səfərdən qəfil imtinası bundan xəbər verir.

Bütün bunlar çoxlarının iddia etdiyi kimi, psixikaca qərarsız adamın iş qabiliyyətsizliyinin sübutudur? 25-cü düzəlişə müraciət edərək Trampı uzaqlaşdırmaq əvəzinə fəaliyyətinə görə onu məsuliyyətə çağırmağına dəyər. Höcət cahilliyi, təhlükəli yalanı və antiamerika dözümsüzlüyünə görə Trampı məsuliyyətə cəlb etmək lazımdır. Ola bilsin. Bu, artıq 2018-ci ildə baş verəcək.Tərcümə Strateq.az-ındır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi