BSU-da “Azərbaycan multikulturalizm və tolerantlığın mərkəzidir” adlı dəyirmi masa keçirilib
Martın 29-da Bakı Slavyan Universitetində (BSU) Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının (MDB PAA DİMBİ Bakı filialı) və BSU-nun Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizm və tolerantlığın mərkəzidir” adlı dəyirmi masa keçirilib.
Faktinfo.az-a verilən məlumata görə,tədbirin əvvəlində giriş sözü ilə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva dəyirmi masanın mövuzusunun aktuallığından danışaraq Azərbaycan dövlətinin unikal multikulturalizm siyasətinin dünya ölkələrinin maraq dairəsində olduğunu diqqətə çatdırıb. Multikultural və tolerant dəyərlərin Azərbaycan ərazisində yaşayan yerli xalqlar arasında əsrlər boyu mövcud olduğunu deyən Nurlana Əliyeva bu dəyərlərin milli-mənəvi keyfiyyətlərdə, qonşuluq münasibətlərində daha çox özünü göstərdiyini bildirib. N.Əliyeva əlavə edib: “Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində vaxtilə Azərbaycan ərazisində çoxsaylı məscidlərin, kilsələrin və sinaqoqların inşası multikulturalizmin ölkəmizdə uzun illərdən bəri mövcud olmasının bariz nümunəsidir. Bu gün Ulu Öndərin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanda tolerantlıq hökm sürür. Azərbaycan dövləti bütün dünyada tolerantlığa, mədəniyyətlər və dinlərarası dialoqa töhfələr verir. Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və YUNESKO - Azərbaycan əlaqələrinin inkişafında, milli-mədəniyyətimizin, milli musiqi alətlərimizin, muğamımızın dünya xalqlarına çatdırılmasında göstərdiyi xidmətlər göz qabağındadır”.
N.Əliyeva BSU-nun Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının fəaliyyətindən də söz açıb, kafedranın multikultural dəyərlərin gənc nəslə aşılanması istiqamətində mühüm layihələr həyata keçirdiyini dilə gətirib.
Sonra söz alan MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev multikulturalizmin Azərbaycanda həyat tərzi olmasından, tədqiqatçı alimlərin multikulturalizm sahəsində araşdırmalarından danışıb. O bildirib ki, MDB PAA DİMBİ Bakı filialı tərəfindən tez-tez bu istiqamətdə müzakirələr keçirilir, professor və tədqiqatçıların fikirləri dinlənilir, həmin tədqiqatlar tezis şəklində topluda dərc olunur. E.İmaməliyev qeyd edib ki, hazırki dəyirmi masanın keçirilməsində məqsəd qabaqcıl təcrübələri öyrənmək, nəzəri bilikləri inkişaf etdirməkdir. Tədbirin təşkilində göstərdiyi diqqətə görə BSU rəhbərliyinə
minnətdarlıq edən E.İmaməliyev belə dəyirmi masaların gənclər üçün əhəmiyyətini vurğulayıb.
Sonra Dəyirmi masa BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun moderatorluğu ilə davam edib.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olan multikultural dəyərlərin muzey tərəfindən təbliği istiqamətində görülən işlərdən danışıb. O, muzeyin təşkilatçılığı ilə 2017-ci ildə Venesiyada keçirilən “Hamı bir günəşin altında” adlı sərgini Azərbaycanda yaşayan çoxsaylı xalqların dinc şəraitdə yaşamasının göstəricisi kimi dəyərləndirib. Ş.Məlikova birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan xalçasının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini deyib. Əsrlər boyu ölkədən ixrac olunmuş nadir Azərbaycan xalçalarından danışan Şirin Məlikova Qarabağın “Bağçada güllər” xalçasının taleyindən də söz açıb. O, həmin xalçanın San-Fransiskoda “qədimi erməni xalçası” kimi hərraca çıxarıldığını deyib. Ş.Məlikova ermənilərin digər mədəniyyət nümunələrimiz kimi xalçalarımızı da öz adlarına çıxmaq istədiklərini bildirib, lakin dünya ekspertləri tərəfindən bunun qarşısının alındığını və xalçaların Azərbaycana məxsusluğunun təsdiqləndiyini vurğulayıb.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxışında Azərbaycanda qeyri-müsəlman dini icmaları üçün yaradılan şəraitdən, Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və tolerantlıq şəraitində birgə yaşadığı məkan olmasından söz açıb. O qeyd edib ki, Azərbaycanda heç vaxt dinlərarası problem yaşanmayıb. Prezident İlham Əliyevin dini icmaların fəaliyyəti üçün ayırdığı maliyyə yardımı ölkədəki multikultural dəyərlərin yüksək səviyyədə qorunmasının daha bir təzahürüdür. R.Mobili Alban-Udi Xristian dini icması tərəfindən Quba rayonun Qırmızı qəsəbəsində və Qəbələ rayonunun Nic kəndində yaşan yəhudilərin, xristianların öz mədəniyyətlərini, dillərini və dinlərini qoruyub saxlaması üçün böyük işlər görüldüyünü diqqətə çatdırıb.
Sonra söz alan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Azərbaycanda tolerantlıq günü-gündən inkişaf edir. O, buna misal olaraq fərqli inanclara sitayiş edən insanların bir yerdə yaşamasını göstərib. A.Hacıbəyli deyib:“Qurani Kərimdə deyilir ki, biz sizi fərqli millətlərə, xalqlara böldük ki, siz bir-birinizin dəyərləri ilə tanış olasınız, bir-biriniz ilə savaşasınız deyə deyil. Biz də bütün xalqlara və millətlərə hörmət etməliyik”.
Azərbaycan Texniki Universitetinin (ATU) Azərbaycan dili və pedaqogikası kafedrasının müdiri Həbib Mirzəyev Azərbaycan ədəbiyyatında multikulturalizm
və tolerantlıq məsələlərinin geniş yer aldığı bədii əsərlərdən nümunələr gətirərək onların təhlilini verib.
BSU-nun professoru, “Elm çırağı” İctimai Birliyinin rəhbəri Naidə Məmmədxanova müəllifi olduğu “Müasir Azərbaycan Şərq-Qərb kontekstində və multikulturalizm” kitabında yer alan multikultural dəyərlərin Azərbaycanda inkişafı barədə geniş məruzə ilə çıxış edib.
“Modern RN” Nitq İnkişaf Mərkəzinin sədri Nigar Muradova Azərbaycanda hazırkı dövrdə əcnəbi xalqların nümayəndələri ilə ailə qurmaq hallarının çoxaldığını, bunun ölkəmizdə multikulturalizmin inkişafının ildən-ilə sürətlə artmasının göstəricisi olduğunu vurğulayıb.
Dəyirmi masanın davamında BSU-nun Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müəllimləri Sevda Axundova, Maya Cəfərquliyeva mövzu ilə bağlı ətraflı çıxışlar ediblər
Bu xəbər üçün şərh yazın