Bu bahalaşma ilə HARA GEDİRİK? - Ekspert danışır
Son zamanlar bütün dünyada , eləcə də Azərbaycanda ərzaq məhsullarının bahalaşması müşahidə edilir.
Bunu əvvəlcə un və çörəyin bahalaşması ilə gördük. Ancaq digər ərzaq məhsulları, yağ, kartof, kələm və s. məhsulların da qiymətlərində artım var. Bunu ölkə bazarlarındakı qiymətlərə baxaraq hiss etmək olur.
Hökumət qiymətlərin artmaması üçün qərarlar verib bahalaşmaya qarşı yeni sosial paket təqdim etsə də, təəssüf ki, bahalaşma mövcud sosial paketi üstələyir.
İqtisadçı Samir Əliyev Bizimyol.info saytına müsahibəsində bildirib ki, dünya əmtəə bazarlarında ərzaq məhsulları bahalaşan kimi Azərbaycan bazarlarında qiymətlər qalxır. Belə ki, milli valyutamız devalvasiyaya uğrayan kimi nəinki idxal məhsulları, hətta yerli istehsal bahalaşır. İqtisadçının sözlərinə görə, buna səbəb idxaldan asılılığın yüksək olmasıdır.
S.Əliyev qeyd edib ki, buğdanın 43%-i, düyünün 86%-i, bitki yağlarının 65%-i, çayın 55%-i, şəkərin 30%-i daxildə istehsal olunan şəkər istehsalı üçün xammalın 85%-i xaricdən gətirilir. Ekspert əlavə edib ki, ərzaq məhsulları ilə yanaşı qeyri-ərzaq məhsullarının da çox hissəsi xaricdən gətirilir. Elə buna görə də manatın devalvasiyası bazarlarda yüksək inflyasiya yaratmır.
İqtisadçı Günay Həsənova Bizimyol.info saytına müsahibəsində bildirib ki, mövcud bahalaşma gözlənilən idi.
“Pandemiyada dövründə bütün dünyada ərzaq qıtlığı müşahidə edildi. Bütün sahələrdə işin dayanması, işyerlərinin bağlanması da bu prosesə öz təsirini göstərdi. Azərbaycanda da eyni hal müşahidə edildi” - deyən ekspert qeyd edib ki, bahalaşma hələ iyun ayına qədər davam edə bilər. Bahalaşma təkcə ərzaq məhsullarında deyil, qeyri-ərzaq məhsullarında da təsirini göstərəcək. Səbəb isə, əksər məhsulların digər ölkələrdən gətirilməsidir.
“Məhsullar digər ölkələrdən gətirilən zaman vergi və rüsumlar əlavə edilir. Məsələn, Türkiyədə 50 lirəyə, yəni təxminən 6 manata satılan bir köynək Azərbaycanda 40 manata satılır. Bura vergilər, rüsumlar, kargo və s. tətbiq edildiyi üçün bu bahalaşma baş verir. Səbəb də qeyd etdiyimiz kimi idxaldan asılı olmağımızdır”,- deyə ekspert bildirib...
Bahalaşma fonunda hökumətin sosial paketə yenidən göz gəzdirəcəyini vurğulayan ekspert bildirib ki, bu bahalaşma süni bahalaşma deyil və qarşısını almaq mümkün deyil. Dünya bazarında aldığımız məhsulların qiyməti artdıqca, daxili bazara da təsir edəcək. Sadəcə olaraq vətəndaşın rifahı namimə hökumət yenidən müəyyən addımlar ata bilər. Bahalaşma özünü sosial müavinət və əmək haqqlarında da göstərəcək. Hazırkı vəziyyətdə isə, sadəcə olaraq gözləmək lazımdır.
Bu xəbər üçün şərh yazın