"Bu tarixdə yoluxma sayı artacaq“ - İnfeksionistdən əsaslandırma
“Hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır”.
Faktinfo.az xəbər verir ki, bunu APA.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
O bildirib ki, hər kəs evində qapalı şəraitdə qaldığı müddətdə yoluxma sayı az olub: “İndi yumşalmalar var. Hər kəs şəhərə çıxır, rahat hərəkət edir. Gündən-günə karantin rejimi yumşaldılır, məhdudiyyətlər aradan qaldırılır. Yoluxmanın artmasının ikinci səbəbi isə insanların məsuliyyətsiz davranışlarıdır. İnsanlar verilən tövsiyələrə, qadağalara məhəl qoymurlar. Təbii ki, məsuliyyətli olanlar da var. Amma məsuliyyətsiz olanlar yetəri qədər olduğuna görə qurunun oduna yaş da yanır. Şəhərə çıxanda müşahidə edin, görün nə qədər insan maska taxır, nə qədər insan sosial məsafəni qoruyur?
Bəzi qanunsuzluqlar baş verir. Əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır”.
V. Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik: “Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı 2 həftədən sonra görə bilərik”.
İnfeksionist maska taxılmasının vacibliyi məsələsinə də aydınlıq gətirib: “Əslində, maskaların sağlam adam üçün qoruyuculuğu zəifdir. Maskanı xəstə insanlar taxmalıdır. Biz hamıya maska taxmasını tövsiyə edərkən yüngül formada xəstəlik keçirən, eyni zamanda asimptomatik, hər hansı klinik əlaməti olmayan insanları da nəzərə alırıq. Həmin şəxslərdə xəstəlik əlaməti olmasa da, onlar aktiv virus daşıyıcısıdırlar. Bu insan digərinə virusu yoluxdura bilər. Maskanın taxılması ilə xəstə və sağlam insanı ayırd etmədən xəstəliyin ötürücülüyünün qarşısını alınır. Bu, eyni zamanda sosial mesajdır. Hər kəs maska taxdığı zaman ortamda olan digər insanlar da bunu özünütənqid bilərək maska taxmağa məcbur olur. Hər kəs maska taxıb sosial məsafəni qorusa, yenə də yoluxma olacaq. Maskanın qoruyuculuğu 100 faiz deyil. Ancaq yoluxma sayı xeyli azalacaq, indiki vəziyyətdə olmayacaq”.
V. Əliyev bildirib ki, havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Onun sözlərinə görə, isti ölkələrdə də bu virus yayılıb: “COVID-19 yeni virus olduğuna görə hansı temperaturda, yay mövsümündə nə qədər davam edəcəyi də bəlli deyil. Hazırda ölkədə yoluxma sayını pik saymaq olmaz. Yoluxma yüksəlməyə doğru gedir. Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq. Bir az gecikə də bilər. Düşünürəm ki, iyunun 15-20-si arası yoluxma sayı artacaq. Tətbiq olunan cərimələrin təsirini 2 həftə sonra görəcəyik. O vaxta qədər pik həddi keçə bilərik. Çünki cərimələr tətbiq olunana qədər yoluxmalar olacaq. Artıq xeyli müddətdir ki, insanlar qaydalara əməl etmirlər. Cərimələr yoluxmanın sürətini azalda bilər, amma pik həddin qarşısını almaq olmaz”
Bu xəbər üçün şərh yazın