Camaata tikiliən sonuncu TORBA... - Təki sonuncu olsun...

Camaata tikiliən sonuncu TORBA... - Təki sonuncu olsun... 

Bu gündən polietilen torbalar ayrıca məhsul növü kimi satılır. Ticarət şəbəkələri və mağazalarda iri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyədir.

İqtisadi ekspert Natiq Cəfərli bu mövzuda danışıb.

Onun sözlərinə görə, dünyada bu cür yanaşma var, lakin bir çox ölkələr əvvəlcə bu barədə maarifləndirmə işləri aparıb:

“Polietilen torbaları kommersiya müəssisələri satır və onlar ancaq satışdan gələn gəlirdən vergi ödəməlidir. Sadəcə, Azərbaycan da dünyada gedən trendlərə, "Dovos gündəliyinə" uyğunlaşmağa çalışır.

Əslində, dünyada belə bir yanaşma çoxdan var ki, polietilen torbalar ekologiyaya çox ciddi ziyan vurduğundan ondan imtina edilməlidir. Lakin həmişə olduğu kimi, bu dəfə də Azərbaycanda axırda görülməli olan işi əvvəldə görürlər. Yəni Avropa ölkələrində və ABŞ-ın bəzi ştatlarında belə qaydalar var və onlar illərlə bununla bağlı təbliğat aparıb, sosial çarxlar hazırlayıblar. Bundan başqa, parça torbaların pulsuz paylanılması ilə bağlı aksiyalar keçirib, maarifləndirmə işləri aparıblar. Ancaq bundan sonra polietilen torbaların pulla satılması ilə bağlı qərar veriblər.

Amma ölkəmizdə hansısa bir təbliğat, təşviqat, sosial çarxlar, maarifləndirmə işləri aparmadan birdən-birə polietilen torbaların pulla satılması ilə bu problemi həll edəcəklərini düşünürlər. Səhv yanaşma məhz bundan ibarətdir. Azərbaycan alıcısının davranışlarını bilərək, 3-5 qəpiyə görə onların bundan imtina etməyəcəklərini bilirlər”.

N.Cəfərli bu addımın ekoloji problemlərin həllində ciddi rol oynamayacağını düşünür:

“Ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların ödənişli olmasının ideya olaraq anlaşılandır, amma bunun Azərbaycanda tətbiqi, reallaşdırılması ciddi problemlərə səbəb olacaq. Mən bunun ekoloji problemlərin həllində ciddi rol oynayacağını düşünmürəm. Yəni polietilen torbalardan imtina insanların könüllü davranışından doğmalıdır. Daha yaxşı olardı ki, marketlərin qarşısında aksiyalar təşkil olunsun, pulsuz parça torbalar paylanılsın. Hətta dövlət heç olmasa 1 illiyə bunun üçün ekoloji təşkilatlara qrant vəsaiti də ayıra bilərdi.

Vətəndaş ekoloji problemi dərk etməsə, 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək və bu qərar sadəcə vətəndaşlarda növbəti narazılıq yaradacaq”./Yenisabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər