CƏBHƏDƏN ZƏNG : “Aprel döyüşlərində dayıoğlu sənin,Tovuzda xalaoğlu sənin yerinə döyüşdüm - Şuşa döyüşü isə...”
Şəhid Sübhan Kərimovun ad gününə - Fuad İsgəndərov yazır
İnanclara görə, insan dünyaya gələndə ona Allaha, ata-anaya, bir də Vətənə olan borcu mələklər tərəfindən başa salınır. Qədim yunan inanclarına görə, insan övladı bu borclarını qarşılamaq üçün başlıcası ali insan, cəsur döyüşçü kimi ad çıxarmalıymış.
Görünür, insanın ali hisslərə mübtəla olması onun Allahın ən sevimli bəndəsi hesab edilməsi, ata-anasına olan borcu isə Vətəni sevib onun yolunda cəsur döyüşçü kimi yetişməsi hesab edilmişdir.
Mənə görə burada ana, elə Vətənin özü, Vətən də bütün mənalarda – şərəf, namus, qeyrət məsələsidir ki, atalardan sonra onun hifz edilib qorunması oğullara ərməğandır. Bu yolda Vətən oğlu üçün şəhidlik ən uca mərtəbədir, bütün borcların tamamlandığı yol ayrıcıdır. Şəhid – bu ali ad isə hər insanın boynuna biçilib, nəsib olmayan ən ali mükafatdır.
Allahın şəhadətinə qovuşan ikinci Qarabağ şəhidlərimizdən biri də Kərimov Sübhan Murtuz oğludur. Onun bu gün ad günüdür (dünyaya gəlib - 29.01.1996 – ŞƏHİD olub - 08.11.2020) 25 yaşı tamam olur.
Tarix – 29.01.1996-cı il. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində bir oğlan uşağı dünyaya gəlir. Ona Allahın isimlərindən biri- Sübhan adı verilir. O böyüyür, böyüdükcə həyata baxışı,davranışları ilə bacı-qardaşlarından seçilir. Onun fərqli xüsusiyyətlərə malik olması ilk əvvəl ata-anası tərəfindən sezilirdisə, sonradan bu hal orta məktəb yoldaşlarının, onu tanıyanların da diqqətinə hakim kəsilir. Hələ orta məktəbdə oxuyarkən onun bir gün Vətən üçün döyüşüb öləcəyini deməsi, Gədəbəy rayonunda müddətdən artıq hərbi xidmətdə olarkən “Şəhidin sağkən özünə düzəltdiyi məkan”ın təsvirini hazırlaması, kənd qəbiristanlığında Naxçıvan şəhidi Tatarov Adil Əli oğlunun qəbri üstündə şəkil çəkdirməsi və ona şəhidlər adından söz verməsi, eləcə də ata-anasına “Qarabağın işğalçılardan təmizlənməsi uğrunda şəhid olduqdan sonra yəqin küçəmizdə adıma bulaq kompleksi inşa edilər” – deməsi SÜBHANın böyük ideal və amal sahibi olmağından xəbər verib.
Belə də olur, Sübhan Kərimov 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə ŞƏHİD olur.
Məhz belə Vətən oğullarının hesabına məzlum xalq, məğlub ordu sindromu darmadağın edildi, Azərbaycan onun Vətən oğullarının nələrə qadir olduğu ölkə hüdudlarını aşdı, dünya mətbuatı Azərbaycan, onun hərb tarixindən yazdı, Azərbaycan əsgərinin Şuşanı erməni separatçılarından azad etməsi dünyanın trendinə çevrildi.
CƏBHƏDƏN ZƏNG :
Tarix 04.11.2020. Sübhan Kərimov döyüş bölgəsindən dayısı və xalası oğlanlarına zəng edir: “Dayıoğlu, Aprel döyüşlərində sənin, xalaoğlu, Tovuzda isə sənin yerinə döyüşdüm. Şuşa döyüşü isə öz döyüşümdür” – deyir.
Bəli, döyüşdə olan əsgər adi həyatda olan vəziyyətindən daha təsirli görünür. Əlavə olaraq, söhbət Azərbaycanın şərəfindən getdiyi bir zamanda ancaq qələbə haqqında düşünən, ona nail olmağa can atan SÜBHAN KƏRİMOV da dayıoğlu və xalası oğlanlarından başqa xahiş edə bilməzdi.
Budur, yüksək amal və ideal sahiblərinə yaraşan yanaşma tərzi, həyat amalı,biçilən ömür... Sübhan və onun kimi amal sahiblərini bəlkə də, həmin anlarda bir fikir düşündürürdü: “Bundan sonra biz harada söyləsək ki, Qarabağın azad olunmasında döyüşmüşük, SİZ çox cəsur, qorxmaz insanlarsınız sözlərini eşidəcəyik”.
Hərçənd, təsadüfən deyilməyib ki, əsl döyüşçü cəsarətli davranışı ilə düşməni lərzəyə gətirəndir,Vətənin bütövlüyü üçün bütün imkanlarını səfərbər edəndir, lazım olarsa, bu yolda şəhid olmağı bacarandır.
Sübhan Kərimov da bacardı. O, ikinci Qarabağ döyüşlərində ŞƏHİD oldu. Azərbaycan xalqının, ata-anasının, bacı-qardaşlarının, onunla fəxr edən qohumlarının güvənc yerinə çevrildi.
Allah rəhmət eləsin!
Fuad İsgəndərov
Faktinfo.az saytının baş redaktoru
Bu xəbər üçün şərh yazın