Cəmil Həsənlinin qızı ilə bağlı cinayət işi başlandı
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə əlaqədar cinayət işi başlanıb.
Pravda.az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verərək bildirib ki, cinayət işi fakt üzrə başlanıb, konkret kiməsə qarşı ittiham irəli sürülməyib.
CM-in 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə başlanmış cinayət işinin istintaqının Bakı şəhər Baş Polis İdarəsində aparıldığı bildirilir: "Artıq tərəflərin hər ikisinin iştirakı ilə bir sıra istintaq hərəkətləri həyata keçirilib, üzləşmə olub. İstintaq davam edir".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov cinayət işi başlandığını təsdiqləyib: "Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək".
Vəkil Zibeydə Sadıqova istintaq sirri olduğunu əsas gətirərək bu barədə danışmaq istəməyib. Günel Həsənli özü də onun iştirakı ilə müəyyən istintaq hərəkətləri aparıldığını təsdiqləsə də, detalları açıqlamayıb.
Martın 28-də sosial şəbəkələrdə Günel Həsənlinin şəxsi həyatına aid videolar yayılıb. Bəzi müxalifət partiyalarının birləşdiyi Milli Şuranın sədri Cəmil Həsənli baş verənləri ölkə rəhbərliyinin sifarişi ilə xüsusi xidmət orqanlarının həyata keçirdiyi təxribat kimi qiymətləndirib.
Videolarda adı keçən və Mahir Əliverdiyev kimi təqdim olunan şəxs əvvəlcədən planlaşdırılmış təxribatın iştirakçısı olması barədə ünvanına səslənən ittihamlara belə cavab verib: "Hüquq-mühafizə orqanları var, ora şikayət eləyiblər, Allah qoysa, açıqlama olacaq...".
CM-in 242-ci maddəsində 2000 manatdan 4000 manata qədər cərimə, 2 ilə qədər islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bu xəbər üçün şərh yazın