Çingiz Qənizadə ABŞ konqresmenlərinin məktubuna qarşı- "QHT-lər, hüquq müdafiəçiləri səfərbər olub..."
“ABŞ Konqresinin Xarici Əməliyyatlar üzrə komitəsinə 75 konqresmenin imzası ilə göndərilmiş məktubda Ermənistana 100 milyon, işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə 1,5 milyon civarında yardım edilməsi ilə bağlı göndərilmiş təklif beynəlxalq hüquq normalarına və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıması faktına ziddir”.
Faktinfo.az xəbər verir ki,bu fikirləri Modern.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə ABŞ konqresmenlərinin imzalı məktubuna münasibət bildirərkən deyib.
O Amerikanın işğalçı rejimi tanımadığını bildirib:
“Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu münasibətlərdə, yəni işğalın və Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində beynəlxalq hüquq normalarını həmişə rəhbər tutduğunu qeyd edirsə, o zaman 75 konqresmenin belə məktubu nə deməkdir?!
Hesab edirəm ki, bu məsələni laqeyd buraxmaq olmaz. Bu məsələyə Xarici İşlər Nazirliyi, diplomatlarımız, ölkədəki siyasi partiyalar, QHT-lər, hüquq müdafiəçiləri ardıcıl olaraq öz münasibətlərini bildirməli, bəyanatlarını göndərməli, müraciət və bəyanatlarını ABŞ-ın Azərbaycandakı səfirliyinə göndərməklə 75 konqresmenin bu cür hərəkətini Amerika-Azərbaycan münasibətlərinə təsir edə biləcəyini vurğulamadırlar.
Digər ciddi məsələ odur ki, Amerika ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. O bu məsələdə öz neytrallığını saxlamalıdır. Dövlət olaraq bu məsələdə neytral qalmalı olduğu halda, konqresmenlərin belə məktubuna dərhal ABŞ rəsmiləri və daha yuxarı instansiyalar mənfi rəy bildirməlidirlər. Bunun üçün də biz öz səsimizi bütün beynəlxalq təşkilatlar qarşısında qaldırmalı və məsələnin qarşısını almalıyıq”.
Çingiz Qənizadənin sözlərinə görə, çox maraqlıdır ki, ABŞ anoloji buna oxşar dünyada olan məsələlərə məsələn, Abxaziya, Dnestryanı, Cənubi Osetiya kimi separatçı rejimlərə bu cür yardımlar ayırmır:
“İşğalçını işğalçı kimi qiymətləndirir. Təəssüf ki, ölkə rəhbərliyi, Azərbaycanın digər siyasi liderləri, dövlət qurumları, xarici işlər nazirliyi, səfirliklərimiz mütəmadi olaraq bu cür məsələləri fakt kimi ortalığa qoymalarına baxmayaraq yenə ikili siyasətə üstünlük verildi və yenə də Dağlıq Qarabağ ermənilərinə və Ermənistana yardım edilməsi gündəmə gəldi. Bu, təəssüfedici haldır”.
Bu xəbər üçün şərh yazın