Çingiz Qənizadə yenidən iddiasını açıqladı:"Dairələrdən birindən namizədliyimi verəcəyəm"
“Dünəndən seçicilərim, mənə kömək edən insanlar, müşahidəçilərim, təbliğatçılarım, ağsaqqallar, ziyalılar zənglər edirlər. Onlardan bir neçəsi mənə təsir etdi, kövrəldilər, hətta ağlayanlar da var”.
Bunu Azvision.az -a açıqlamasında nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmiş 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə deyib.
O bildirib ki, MSK-ya şikayət olunan məntəqələrdə nə baş verdiyini hələ də bilmir: “Dünənə qədər 80 saylı İmişli-Beyləqan seçki dairəsinə heç bir şikayət daxil olmamışdı. Ona görə bunları görmədən fikir söyləyə bilmərəm. Eyni zamanda bəyan edirəm ki, Mərkəzi Seçki Komissiyasının qərarına hörmətlə yanaşıram”.
Ç.Qənizadə qeyd edib ki, nəticələri MSK tərəfindən ləğv edilmiş 4 dairə 5 il müddətində boş qala bilməz: “Seçicilərin haqqı var ki, parlamentdə onları təmsil edəcək nümayəndələri olsun. Bu gedişdən hiss olunur ki, hələ bir neçə dairə haqqında da müvafiq qərarlar qəbul olunacaq. O baxımdan həmin dairələrdə təkrar seçkilər keçiriləcək. Əgər yeni seçkilər keçiriləcəksə, bu seçkidə iştirakla bağlı israrlı olacağam. Çünki 10 il ərzində bu dairədə kifayət qədər görüşlər keçirmişəm. Hər il seçicilərimlə görüşlərdə olmuşam. Ümumilikdə, hər 5 ildə 250-dən çox görüş keçirmişəm. Yüzlərlə insanı qəbul edib, onlara dəstək vermişəm. Əgər seçkilər qısa zaman ərzində, yaxın 3-5 ay müddətində keçirilərsə, iştirakla bağlı qərar qəbul edəcəyəm”.
Hüquq müdafiəçisi olduğunu vurğulayan Ç.Qənizadə bildirib ki, onun üçün seçkidə iştirakla bağlı konkret hansısa dairə anlayışı yoxdur: “… Bu proseslərdə iştirak etmək üçün namizdəliyimi dairələrdən birindən irəli sürmək barədə düşünəcəm. Bunu zaman göstərəcək. Hələlik MSK öz işindədir, nəticələri yoxlayır. Ümid edirəm ki, bu məsələlər başa çatdıqdan sonra mətbuat üçün bir daha açıqlama verə bilərəm”.
Bu xəbər üçün şərh yazın