Daha 30 yaşayış məntəqəsi ruslardan geri alındı
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirir ki, ötən sutka ətrafında 30-a yaxın yaşayış məntəqəsi işğalçılardan azad edilib.
Eyni zamanda Baş qərargah Rusiya qoşunlarının Kiyev ətrafından geri çəkilərək Şərqdə, Donbass istiqamətində hücum əməliyyatlarına başlamaq üçün yenidən qruplaşdırdığını bildirir.
Məlumatda deyilir ki, Ukrayna ordusu Kiyev ətrafındakı Demidov, Dımer, Litvinovka, Qavrilovka, Jivotneve də daxil olmaqla 16 yaşayış məntəqəsini azad edib. Şimal istiqamətində isə düşmən Çerniqov şəhərini blokadada saxlamaqda davam edir. Eyni zamanda Rusiya qoşunlarının Kiyev ətrafından qismən çəkilməsi nəticəsində 15-ə yaxın yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətinə keçib.
“İşğalçı qoşunların Polesye və Şimal istiqamətlərindən qismən geri çəkilməsi müşahidə olunur. Eyni zamanda düşmən Ukrayna ərazisində hərbi əməliyyatlara cəlb etmək üçün Şərq hərbi dairəsinin ehtiyat bölmələrini gətirməyə hazırlaşır. Düşmən yenidən qruplaşır və çox güman ki, əsas səylərini Şərq əməliyyat zonasında hücumlara cəlb edəcək”, - məlumatda deyilir.
Baş qərargah onu da bildirir ki, Slobajansk istiqamətindən düşmən Xarkovu blokadada saxlamaqda və atəşə tutmaqda davam edir. Ələ keçirdiyi mövqelərdə möhkəmlənməyə və hücum əməliyyatlarını bərpa etməyə çalışır. “İzyum istiqamətində isə Rusiya işğalçıları İzyum şəhərinin özünə və Şimali Don çayı üzərindəki körpüyə nəzarət etməkdə, hücum əməliyyatlarının davam etdirilməsini təmin etmək üçün hazırlıqlar görməkdədir”, - məlumatda deyilir.
virtualaz.org
Bu xəbər üçün şərh yazın