Daha bir xəstəxana direktoru saxlanıldı
Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Mətləb oğlu Quliyevin qanunsuz əməlləri ilə bağlı daxil olan vətəndaş müraciəti əsasında aparılan araşdırma nəticəsində Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Axar.az-a Neftçala Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan istintaq zamanı Elman Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci il ərzində müxtəlif vaxtlarda xəstəxanaya stasionar müalicəyə koronavirus infeksiyasına yoluxmuş xəstə qəbul olunmadığı halda, həmin xəstəxanada işləyən qeyri-tibb və digər işçilərə müddətli əlavənin ödənilməsi ilə bağlı hesablama cədvəli barədə məlumatlar hazırlayıb, müvafiq sənədləri imzalayıb möhürlə təsdiqlədikdən sonra qeyd edilən işçilərə bank vasitəsilə ümumilikdə 25 min manat məbləğində müddətli əlavənin ödənilməsini təmin etməklə dövlətin mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Aprelin 22-də Quliyev Elman Mətləb oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İstintaq zamanı vurulan maddi ziyanın tam ödənilməsi təmin edilib.
Cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdırılaraq qısa müddət ərzində məhkəməyə göndərilməsi nəzərdə tutulub.
Bu xəbər üçün şərh yazın