Deputat: “Azəriqaz” rəhbərliyinin fəaliyyəti araşdırılsın, camaatın “cibinə girirlər”
Milli Məclisin deputatı Elman Məmmədov “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətini sərt tənqid edib.
Elman Məmmədov bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi vətəndaşların "cibinə girir".
Onun sözlərinə görə, son vaxtlar "Azəriqaz"-ın sayğacları ilə bağlı vətəndaşlarda ciddi narazılıqlar yaranıb:
"Həqiqətən də "Azəriqaz"-ın sayğaclarında, xüsusilə də mexaniki sayğaclarda çox ciddi problemlər var. Özü də bu problemlər çox müəmmalı şəkildə yaranır. Vətəndaşlara bəlli deyil ki, bu sayğaclar harada hazırlanır, texniki baxışdan keçirilir. Harada müəyyənn olunur ki, bu sayğaclar standartlara cavab verir və yaxud vermir? Bu sahədə şəffaflığın yaranması üçün sayğaclar başqa qurum tərəfindən hazırlanmalı, sayğaca nəzarət edən, onu yoxlayan isə başqa idarə olmalıdır. Bu qurumların bir-birindən asılacağı olmamamalıdır. Ancaq indi sayğaclara nəzarəti də, pulu yığan da "Azəriqaz" özüdür. Nəticədə də "Azəriqaz" sayğaclara istədiyi müdaxilələri edir, yanacaqdoldurma məntəqələrində olduğu kimi, istədiyi sürəti, qiyməti qoyur, əhali bundan əziyyət çəkir. Bu səbəbdən də vətəndaşlarımızda "Azəriqaz" rəhbərliyi ilə bağlı həddindən çox narazılıqlar var. Bu məsələdə vətəndaşlar tam haqlıdırlar".
Deputat deyib ki, bu yaxınlarda "Azəriqaz" İstehsalat Birliyinin özü də sayğaclarında problemlərin olmasını etiraf edib:
"Bu qurumda fırıldaq aparatı yaradıblar.Yaxşı, qoyun vətəndaşın 10-u, 15-i səhv desin, axı bu narazılıq kütləvidir! İndi camaatın hamısı ərziə yazıb "Azəriqaz"-ın dalınca düşməlidir ki, gəl mənim sayğacımı dəyiş? Axı niyə vətəndaşları dövlətə qarşı qaldırırsınız? Mən cənab Rövnəq Abdullayevə də müraciət edirəm ki, "Azəriqaz"-ın fəaliyyətini nəzərdən keçirsin. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, həmçinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi "Azəriqaz" rəhbərliyinin fəaliyyətini araşdırmalıdır. Çünki bu qurum camaatın "cibinə girir". Şəxsən məndə bir deputat kimi "Azəriqaz"-ın fəaliyyəti ilə bağlı çox ciddi narazılığımı bildirirəm və vətəndaşların şikayətlərinə qoşuluram".
Demokrat.az
Bu xəbər üçün şərh yazın