Deputat Əmək Məcəlləsinin tələbini pozub- Məhkəmə çəkişməsi
"Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq) sədri, deputat Eldar Quliyev məni qeyri-qanuni olaraq vəzifəmdən azad edib”.
Faktinfo.az Qaynarinfo.az-a istinadən məlumatına görə, bunu Sabirabad rayon Kooperativ Cəmiyyətinin sabiq sədri Qardaşxan Hacıyev vəzifəsinə bərpa olunması üçün müraciət etdiyi Səbail rayon Məhkəməsindəki iclas zamanı deyib.
O, "Azərittifaq”a qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərib ki, 1985-ci ildən Sabirabad rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin sədridir:
"Ötən il "Azərittifaq”ın sədrinin sərəncamı ilə yaş həddinin keçməklə əlaqədar tutduğum vəzifəmdən azad edildim. Qeyd olunan əmr əsassız və qanunsuzdur. Sərəncamda Əmək Məcəlləsinə istinad edilməyib. Ötən il "Azərittifaq”a çağrıldım və bildirildi ki, uzun illərdir məzuniyyətə çıxmırsan. Buna görə ötən il Sabirabad rayon Kooperativ Cəmiyyətinin qərarı ilə məzuniyyətə çıxdım.
Məzuniyyətdə olarkən eşitdim ki, "Azərittifaq” sədri tərəfindən işdən çıxarılmağımla bağlı sərəncam verilib. Nizamnaməyə görə sədrin vəzifədən azad edilməsi Sabirabad rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətini iclasının qərarı ilə olmalıdır. Çünki sədr təyin olunmur, seçilir. Qanunvericiliyin tələbinə görə əmək mübahisəsi olduğundan Mediasiyaya müraciət etdim. Lakin mübahisə könüllü qaydada həll edilmədi”.
Səbail rayon Məhkəsinin qərarı ilə Qardaşxan Hacıyevin iddiası əsassız hesab edilib və qəbul olunmayıb.
Faktinfo.az saytı Sabirabad rayon Kooperativ Cəmiyyətinin sabiq sədri Qardaşxan Hacıyevlə əlaqə yaradıb.Qardaşxan Hacıyev məhkəmənin qərarından şikayət verəcəyini ,ölkə rəhbərliyinə,Milli Məclisin sədrinə müraciət edəcəyini bildirib.Qarşı tərəfin mövqeyi ilə bağlı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq) sədri, deputat Eldar Quliyevə edilən zənglərə isə cavab verilməyib.
Faktinfo.az onu da xatırladır ki,"Azərittifaq” sədrindən mütəmadi şikayətlər olub.Şikayət ələlxüsus "Azərittifaq”ın payçıları tərəfindən edilib və bildirilib ki,qurumun əmlakının satılmasında böyük haqsızlıqlar olub.Bu barədə bəzi məqamlarla bağlı irəlləyən günlərdə məlumat verəcəyik.
Bu xəbər üçün şərh yazın