Deputat “Relax”dakı ölümdən danışdı: "Ya intihar edib, ya da..."
Deputat İqbal Məmmədov "Relax" istirahət mərkəzində baş verən ölümlə bağlı danışıb.
O, istirahət mərkəzindəki ölüm faktını təsdiqləyib:
"Bir gün əvvəl güclü yağış yağdığından, istirahət mərkəzindəki "Küləfrəngi" deyilən yer bu gün ümumiyyətlə xidmət göstərməyib. Anar da orada çalışırdı. Turistlər gəzəndə çayda uzanmış adam görüb təhlükəsizliyə xəbər veriblər. Əməkdaşlar hadisə yerinə gələndə Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun öldüyünü görüblər. Hazırda prorkuroluq əməkdaşları araşdırma aparır. Mərhumun oradan yıxıldığı, yoxsa intihar etdiyi müəyyənləşəcək. Çox ağır hadisədir, Allah ailəsinə səbr versin. Anar Sücayev evli idi, iki övladı qalıb. Biz də əlimizdən gələn köməkliyi göstərəcəyik. Bir vətəndaş kimi bu bizim borcumuzdur".
Deputatın sözlərinə görə, istirahət mərkəzində bütün təhlükəsizlik qaydalarına tam riayət olunur:
"Hadisədir, araşdırılır. Ola bilər intihar edib, ola bilər ayağı sürüşüb, biz hazırda qəti nəsə deyə bilmərik. Ümumiyyətlə, əməkdaşların, eləcə də qonaqların təhlükəsizliyi tam qorunur. Pandemiyadan əvvəl, mövsümdə mərkəzdə 200 nəfər çalışırdı, hazırda isə 40 nəfər çalışır. Bədbəxt hadisədir, Allah ailəsinə səbr versin. Bu gün parlamentin son iclası idi, ona görə Bakıdayam. Sabah, ya da biri gün Lerikə gedəcəm, mərhumun ailəsinə baş çəkəcəyəm".
Parlamentari həmçinin son vaxtlar insanların çətinliklərə tez təslim olmalarına təəssüfləndiyini bildirib:
"Cavan adamdı, indi səbəb nədir bilinmir. Amma son vaxtlar insanlar azca çətinə düşən kimi mübarizə aparmaqdansa, "asan"a qaçırlar. Elə bugün səhər saatlarındakı güllələnmə kimi. Allah özü kömək olsun hamıya".
İ. Məmmədov həmçinin deyib ki, hazırda "Relax" İstirahət Mərkəzinin rəsmi idarəçiliyi qardaşına məxsusdur:
"Mən deputat olana qədər "Kaspi Yıldız" öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki! İndi bu hadisə ilə bağlı məlumatı mənim fotomla tirajlayırlar, amma doğru deyil. Kimsə yazısını daha çox oxutdurmaq üçün mənim adımdan istifadə edirsə, mən də hüquqi çərçivədə addım ata bilərəm. Ona görə xahiş edirəm, belə həssas məqamları nəzərə alasınlar".
İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.(modern.az)
Bu xəbər üçün şərh yazın